Şrift:
Səudiyyə Ərəbistanında aeroport raket atəşinə tutulub, 26 nəfər xəsarət alıb
13.06.2019 [10:33] - Hərb
Yəməndə silahlı üsyan nəticəsində hakimiyyəti ələ keçirən husilər Səudiyyə Ərəbistanının Abha şəhərinin hava limanını raket atəşinə tutublar.

Bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası məlumat yayıb. Məlumata əsasən, raket aeroportun gəliş zalına düşüb, yaralıların hamısı mülki vətəndaşlardır. Koalisiya hadisəni hərbi cinayət adlandırıb.

Bir qədər əvvəl husilərin hərbi komandanlığı Abha aeroportuna raket atdıqları barədə məlumat yayıb.

Bundan öncə, iyunun 9-da husi üsyançıları pilotsuz uçan aparatlar vasitəsilə Səudiyyə Ərəbistanının Cizan şəhər aeroportuna hücum təşkil etmişdilər. Həmin ölkəyə aid pilotsuz uçan aparatların saxlandığı anqarlara, həmçinin hava limanının digər obyektlərinə zərbələr endirilmişdi.

Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları, digər tərəfində isə hökumət qüvvələri və Yəmən prezidenti Mansur Hadiyə sadiq könüllülər iştirak edirlər. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası üsyançılarla qarşıdurmada Mansur Hadinin qoşunlarını dəstəkləyir.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed