Şrift:
Avropa ikincisi olan azərbaycanlı sərbəst güləşçilər vətənə qayıdıb
25.06.2019 [09:31] - Xəbərlər, İdman
Ötən həftə İtaliyanın Faenza şəhərində keçirilmiş yeniyetmələrin Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş yığmamız bu gün vətənə qayıdıb.

Azərbaycan Güləş Federasiyası (AGF) xəbər verir ki, bir qızıl, iki gümüş və dörd bürünc medalla komanda hesabında ikinci yeri tutan millimizin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib. Komandanı AGF-in rəsmiləri, güləşçilərin yaxınları, yeniyetmə pəhləvanlar və media nümayəndələri qarşılayıb.

Komandanı təbrik edən AGF-nin yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev yunan-Roma güləşi üzrə müvafiq yığmanın ardınca sərbəst güləşçilərin də Avropa çempionatında uğurlu çıxış etdiyini bildirib. Bu qələbələrdə AGF rəhbərliyi tərəfindən yaradılan şəraitin, bir neçə ay davam edən təlim-məşq toplanışlarının, görülən sistemli fəaliyyətin böyük rolunun olduğunu söyləyib. Belə uğurlu nəticələrin qarşıdan gələn Avropa Gənclərinin Yay Olimpiya Festivalı və dünya çempionatında da davam edəcəyinə inamını ifadə edib.

Daha sonra yeniyetmələrdən ibarət yığmanın böyük məşqçisi Əsgərxan Novruzov yarışla bağlı təəssüratlarını bölüşərək deyib: “Avropa çempionatında 7 medal qazandıq. Əlbəttə, daha yaxşı nəticəyə də imza ata bilərdik. Bəzi çəkilərdə qızıl medal qazana bilərdik. Ancaq yeganə çempionumuz Sabir Cəfərov oldu. Bildiyiniz kimi, o finalda erməni güləşçi ilə qarşılaşdı. Ağır keçən görüşdə qalib gəldi. Əsas məqsədimiz Bakıda keçiriləcək festivalda uğurlu çıxış etməkdir. Daha sonra isə dünya çempionatı başlayacaq. İlin əvvəlindən təlim-məşq toplanışlarımız məhz bu 3 yarışa hesablanmışdı. Əsas heyət festivalda çıxış edəcək”.

Çempion olmasında çox insanın əməyi olduğunu bildirən Avropa çempionu Sabir Cəfərov məşqçilər başda olmaqla, zəhməti olan hər kəsə minnətdarlığımı çatdırıb: “Finalda erməni güləşçi ilə qarşılaşanda narahatlıq keçirmirdim. İdmanda udmaq da olar, uduzmaq da. Həyəcanlı deyildim, soyuqqanlı güləşirdim. Ancaq tribunada ona verilən dəstəyi görəndən sonra qazandığım qələbəni hədsiz sevinc hissi ilə qeyd etdim. Bundan sonrakı hədəfim məşqçilərin köməkliyi ilə Bakıda keçiriləcək festivalda qələbə çalmaqdır”.

Xatırladaq ki, 153 xalla komanda hesabında Avropa ikincisi olan millinin heyətində Sabir Cəfərov (60 kq) qızıl, Murad Haqverdiyev (45 kq) ilə Cəbrayıl Hacıyev (65 kq) gümüş, Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) bürünc medal qazanıblar.
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed