Şrift:
Tbilisidə hökumət əleyhinə aksiya yenidən başlayıb
25.06.2019 [10:46] - Gündəm, Hadisə
Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası iyunun 24-də yenidən başlayıb.

Bu gün günorta saatlarında Birinci Respublika Meydanından başlayan yürüş-mitinq Daxili İşlər Nazirliyinin binası qarşısında başa çatıb.

Müxalifət liderləri tələbləri tam yerinə yetirilənədək etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər. Aksiya parlamentin binası qarşısında saat 19:00-da yenidən başlayıb. Mitinqdə yüzlərlə insan iştirak edib.

Təşkilatçıların sözlərinə görə, bu gün də Daxili İşlər naziri Qeorqi Qaxariyanın istefası, iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılması tələb olunacaq.

Təşkilatçılar iğtişaş və qarşıdurmaya bacardıqca yol verməyəcəklərini bildirirlər.

Qeyd edək ki, etiraz aksiyası iyunun 20-də Tbilisidə keçirilən Pravoslav Parlament Assambleyasının iclasında Rusiyadan olan deputatların iştirakına etiraz olaraq başlayıb. Həmin gün gecə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Nümayişçilər parlamentin binasını ələ keçirməyə cəhd ediblər. Polis gözyaşardıcı qazdan, rezin güllələrdən və su şırnağından istifadə edərək mitinqi dağıdıb. Qarşıdurma zamanı 80-ni polis, 31-i jurnalist olmaqla, ümumilikdə 240 nəfər yaralanıb, 300-dən çox nümayişçi polis tərəfindən saxlanılıb.

Baş verən hadisələrə görə artıq parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed