Şrift:
İndoneziyada Asiyanın ən böyük terror təşkilatının lideri həbs edilib
01.07.2019 [11:39] - Gündəm, Hadisə
İndoneziyanın hüquq-mühafizə orqanları tərəfindən Asiyanın ən böyük “Camaa İslamiyyə” terror təşkilatının lideri hesab edilən şəxs həbs olunub.

Bu barədə iyulun 1-də “The Straits Times” qəzeti Cakarta polisinə istinadla məlumat yayıb.

Bildirilir ki, Para Vicayanto iyunun 29-da Bekasi şəhərindəki evində həbs edilib. Onun evində aşkar edilən soyuq silahlar, ədəbiyyat və videogörüntülər müsadirə edilib.

İndoneziyanın hüquq-mühafizə orqanları P.Vicayantonun axtarışlarını 2003-cü ildən başlayaraq davam etdirirdilər. Ona qarşı bir sıra iri terror aktlarında, o cümlədən İndoneziyanın Bali adasında 2002-ci ildə çoxlu sayda insan tələfatı ilə müşayiət olunan terror hücumunda iştirak ittihamı irəli sürülüb. Həmin vaxt terror qruplaşmasının üzvləri tanınmış Kuta ərazisində və ABŞ-ın baş konsulluğunun binası yaxınlığında bir neçə partlayış törətmişdilər. Faciə nəticəsində 164-ü xarici ölkə vətəndaşı olmaqla 202 nəfər həlak olmuş, 200-dən çoxu isə yaralanmışdı.

Xüsusi xidmət orqanlarının bildirdiyinə görə, P.Vicayanto Malayziya, Filippin və Tailandda da fəaliyyət göstərən həmin terror təşkilatına 2008-ci ildə rəhbərlik edib.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed