Şrift:
Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salındı
08.07.2019 [10:20] - Xəbərlər, Mədəniyyət
Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.

Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Qeyd edək ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub.

Bu gün tədbirdə nominasiya ilə bağlı ICOMOS-un (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) hesabatı dinlənildi. Şəkinin tarixi, Xan sarayında aparılmış son bərpa işləri barədə məlumat verildi. Şəhərin tarixinin iki min ilə yaxın olduğu, qədim məhəllələrin 1790-cı ildə salındığı qeyd edildi. Bununla belə İCOMOS tərəfindən müəyyən tövsiyələrin olduğu bildirildi.

Müzakirədə ilk çıxış edən Küveyt nümayəndə heyəti ICOMOS-un iki il əvvəl qəbul etdiyi qərara toxunaraq bildirdi ki, ötən müddətdə Azərbaycan Prezidentinin bununla bağlı sərəncamı olub, xeyli işlər görülüb. Bəhreyn Azərbaycanın mədəni irsinə bağlılığının nəzərə alınmasını qeyd etdi. Braziliya Şəkinin siyahıya salınması ilə əlaqədar detallar barədə üzv dövlətin çıxışını dinləməyi xahiş etdi.

İndoneziya, Tunis Şəki şəhərinin siyahıya daxil edilməsini təklif etdi. Bosniya, Uqanda, Anqola nümayəndələri də Şəki Xan sarayı və Şəki şəhərinin qədim hissəsinin siyahıya daxil edilməsini məqbul hesab etdi. Norveç Azərbaycanın mədəni irsə bağlılığını yüksək qiymətləndirdi. Zimbabve, Burkina Faso, İspaniya, Qvatemala, Avstraliya nominasiyanın müsbət həllini təklif etdi.

Üzv dövlətlərin dəstək çıxışlarından sonra Azərbaycan nümayəndə heyəti söz aldı. Bildirildi ki, Şəki ilə bağlı qovluq 6 ildir ki, tərtib edilib. 2016-cı ildə ICOMOS-a verilmiş sənədlə bağlı 2017-ci ildə müəyyən tövsiyələr olub: "Biz sənəddəki elmi qiymətləndirmə ilə razıyıq, konservasiya, idarəçiliklə bağlı tövsiyələri də qəbul etmişik".

Müzakirə və çıxışların yekunu olaraq Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması ilə barədə qərar qəbul olundu.

Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu.

Xatırladaq ki, iyunun 30-da Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işinə başlayıb.

Sessiyada iştirak etmək üçün Səudiyyə Ərəbistanın Mədəniyyət naziri Şahzadə Bader Bin Abdullah, Bosniya və Herseqovinanın Xarici İşlər naziri Draqan Covic, Kamboca Respublikasının Mədəniyyət və İncəsənət naziri Sackona Foeunq, Özbəkistanın Mədəniyyət naziri Bəxtiyar Sayfullayev, Fil Dişi Sahili Respublikasının Mədəniyyət naziri Kouakou Mauris Bandaman, Tatarıstan Mədəniyyət naziri İradə Eyyubova, İraq Respublikasının Mədəniyyət naziri Əbdüləmir Madhi, Bolqarıstan Mədəniyyət naziri Boil Banov, Pakistan İslam Respublikasinin Mədəniyyət ve Turizm naziri Sayed Sardar Ali Şah, İspaniya Krallığı Kanar Adalarının Mədəniyyət, Turizm və İdman naziri Isak Kasteyano, Myanma İttifaqı Respublikasinin Mədəniyyət və Dini İşlər naziri Ang Ko Tura, Pakistan İslam Respublikasının Pəncab Vilayətinin Təhsil və Turizm naziri Yasir Humayun, Laos Xalq Demokratik Respublikası İnformasiya Mədəniyyət və Turizm naziri Bosenqxam Vondara, Kamerun Respublikasının Meşə Təsərrüfat naziri Ndonqo Jules Doret, Uqanda Respublikası Turizm və Əntiq Əşyalar naziri Əmfraim Kamuntu, Şimali Makedoniya Respublikasinin Diaspora İşlər naziri Edmond Adəmi ölkəmizə səfər ediblər.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dan artıq ölkəsindən 2500 nəfərdən çox nümayəndə iştirak edir.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed