Şrift:
Iran rejimi qadınlara mühəndis olmağa icazə vermeyir
22.08.2012 [15:25] - Güney Azərbaycan xəbərləri
Səbəb kimi "bu peşələrin qadınların xislətinə zidd olması" göstərilib.

İranın Elm və Təhsil Nazirliyinin qərarında qadınların 77 ixtisas üzrə ali təhsil müəssisələrində oxumaları yasaqlanıb.

İranda universitetlərə qəbul imtahanları zamanı ən yaxşı nəticə göstərən abituriyentlərin 65 faizi qızlardır.

Buna rəğmən, nazirliyin qərarında İranın 36 universitetində xanımların ingilis dili və ədəbiyyatı, tərcüməçilik, otelçilik, arxeologiya, menecment, informasiya və kompüter texnologiyaları, nüvə fizikası, elektrik və sənaye mühəndisliyi də olduğu ixtisaslar üzrə təhsil almaları qadağan olunub.

Bu ixtisaslar üzrə yalnız kişilər təhsil ala bilərlər.
İran Neft Sənayesi Universitetinin rəhbərliyi bəyan edib ki, bundan belə artıq heç bir fakültəyə qadın tələbələr qəbul olunmayacaq.

İranın məşhur hüquq müdafiəsisi, Nobel Sülh Mükafatı laueratı Şirin Ebadi qərarı "axmaqlıq" adlandıraraq BMT-yə müraciət edib.

BMT-nin baş katibi Pan Gi Mun, insan haqları üzrə ali məruzəçi Əhməd Şahid və İnsan Haqları üzrə Ali Komissar Navi Pilaya məktublar yollayan Ebadi bildirib: "Bu qərar insan haqlarını sürəkli pozan və vətəndaş cəmiyyəti dəyərlərinə əhəmiyyət verməyən İran rəhbərliyinin ölkədəki qadınları evlərə dustaq etmək niyyətidir".

İran parlamentinin bir qrup millət vəkili də qanunverici orqanın təcili iclasının keçirilməsini və nazirliyin qərarının müzakirəsini tələb edib.

Elm və Təhsil Nazirliyinin başçısı Kamran Daneşçu isə bildirib ki, yalnız kişilərin təhsil ala biləcəyi fakültələrlə ixtisaslar universitetlərdə "tarazlıq yaratmaq" məqsədi güdür. Nazirliyin yetkilisi Əbülfəzl Həsəni deyib: "Kənd təsərrüfatı və ya dağ-mədən, geologiya ixtisasları qadınların xislətinə uyğun deyil. Təcrübə göstərir ki, qadın tələbələrin əksəriyyəti universitetləri bu ixtisaslar üzrə başa vurandan sonra peşələri üzrə çalışmayıblar".

UNESCO hesabatlarına görə, universitet tələbələri arasında qadınların kişilərə olan nisbətinin ən yüksək olduğu ölkə məhz İrandır.

Ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi nüvə fizikası, nəqliyyat, informasiya texnologiyaları, mexanika və s. sahələrdə artıq iranlı qadın mütəxəssislərin sayı artır.

Tehrandakı ayətullalar isə İranda əhali artımının azalmağa başladığını, doğuşların sayının aşağı düşdüyünü deyərək əsas səbəb kimi ali təhsil alan qadınların sayının çoxaldığnı göstərirlər.
Bu xəbər oxucular tərəfindən 1234 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed