Şrift:
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17.07.2019 [10:13] - Mədəniyyət
İyulun 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl görkəmli memarın “Keçmişdən gələcəyə” adlı kitabının təqdimatı olub.

Dövlət və hökumət rəsmilərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə görkəmli memarın ömür yolundan və memarlıq sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Rasim Əliyev onlarla gözəl memarlıq əsərinin, bu gün abidə statusuna layiq olan binaların müəllifidir.

Vurğulanıb ki, uzun illər Bakının baş memarı olmuş Rasim Əliyevin şəhərimizin gözəlləşməsində xidmətləri böyükdür: “Rasim müəllim bir sıra unikal memarlıq əsərlərinin müəllifidir. Onun əsərlərinin əksəriyyətində ölkəyə olan məhəbbətinin təzahürləri hiss olunur. O, həm də gözəl rəssamdır. Onun çəkdiyi portretlərdə insan xarakteri, onun gözəlliyi ön plandadır. Rasim Əliyevin rəng seçimi, rəssamlıq texnikası, tablolarında əks etdirilən lirika onun öz xarakterindən irəli gəlir”.

Qeyd olunub ki, bu gün görkəmli memarın böyük tələbə ordusu var. O, nəinki Azərbaycanda, xarici ölkələrdə də geniş tanınan sənət adamıdır.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin görkəmli memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında imzaladığı müvafiq Sərəncamı oxuyub.

Rasim Əliyevin sənətinin həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan nazir bildirib ki, o, Azərbaycan memarlıq sənətinin ən görkəmli nümayəndələrindən biridir: “Rasim Əliyevin qoyduğu irs, yaratdığı sənət inciləri daim yaşayacaq, mədəniyyətimizin inkişafına müsbət təsirini göstərəcək. Rasim müəllimin yaradıcılığı keçmişdən gələcəyə bir körpüdür”.

Əbülfəs Qarayev qeyd edib ki, Bakının, eləcə də ölkəmizin bölgələrində yerləşən bir sıra tarixi abidələrimizin bugünkü görkəmində məhz Rasim Əliyevin dəstxəti görünür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev görkəmli sənətkarın Azərbaycan memarlıq sənətinə verdiyi töhfələrdən danışıb.

Qeyd olunub ki, görkəmli ziyalı, akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Naxçıvan Hava limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. O, 1965-ci ildə Bakının baş memarı təyin olunub və 23 il müddətində bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək Rasim Əliyevin memarlığa və rəssamlığa olan məhəbbətindən söz açıblar. Onun istedadlı memar, peşəkar rəssam olmasından danışan natiqlər memarın yaradıcılıq və şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə Lider TV-nin “Xəzərin sahilində” verilişinin Rasim Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı olub.

Sonda çıxış edən yubilyar tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed