Şrift:
İsgəndəriyyə şəhərində qədim Roma dövrünə aid mozaika tapılıb
20.07.2019 [10:00] - Gündəm, Mədəniyyət
Misirin İsgəndəriyyə şəhərinin mərkəzi rayonlarının biri olan Kom El-Dikdə arxeoloqlar Roma dövrünə aid mozaika aşkar ediblər.

Misirin Qədim Abidələr Nazirliyi xəbər verir ki, aşkar olunmuş mozaika böyük bir evin döşəməsini bəzəyirmiş.

Misirin Qədim Abidələr üzrə Ali Şurasının Baş katibi Mustafa Vəziri bildirib ki, Roma dövründə (bizim eranın I-VII əsrlərində) İsgəndəriyyənin Kom El-Dik rayonunda qədim şəhər yerləşib və burada növbəti dəfə müxtəlif rəngli mozaika tapılıb.

Qədim Abidələr Nazirliyinin Misir abidələri bölməsinin rəhbəri Ayman Aşmaui qeyd edib ki, Polşa-Misir arxeoloji missiyası 1960-cı ildən bəri bu rayonda qazıntı işləri aparır və bu illər ərzində orada qədim villaların, kiçik amfiteatrın və 22 otaqdan ibarət antik universitetə bənzəyən tikililərin izlərini aşkar edib.

Arxeoloji missiyanın rəhbəri Qjeqoja Mayçerek əlavə edib ki, aşkar edilən yeni mozaika I-III əsrlərə aid villalardan birinin döşəməsini bəzəyib və böyük ehtimalla romalıların qonaq yaxud banket otağında yerləşib. O qeyd edib ki, üzərində lotos gülləri təsvir olunan mozaika 2,6×2,6 metr ölçüdə altı paneldən ibarətdir. Bu cür dizaynlı mozaikalara romalıların evlərindəki qonaq otaqlarında tez-tez rast gəlinir.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed