Şrift:
“EYOF Bakı 2019”: Üzgüçülük yarışlarının ilk günündə 6 ölkə təmsilçisi fəxri kürsüdə yer alıb
23.07.2019 [09:46] - Gündəm, İdman
İyulun 22-də Bakı Su İdmanı Sarayında “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında üzgüçülük yarışlarına start verilib.

Yarışın ilk günündə qadın üzgüçülər 100 və 400 metr məsafəyə sərbəst, 400 metr məsafəyə fərdi qaydada qarışıq, 200 metr məsafəyə batterflay arxasıüstə, kişi atletlər isə 200 metr məsafəyə brass, 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında qüvvələrini sınayıblar.

Azərbaycan atletlərindən Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə sərbəst, Rəşad Alquliyev 400 metr məsafəyə sərbəst, Elyar Cahangirbəyov isə 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında mübarizə aparıblar. M.Şeyxəlizadəxangah 58:85, R.Alquliyev 4:19:85, E.Cahangirbəyov isə 1:01:64 saniyə nəticə göstərib. Bu nəticələr təmsilçilərimizin növbəti mərhələyə vəsiqə qazanmalarına kifayət etməyib.

İlk yarış günündə kişilər arasında 400 metr məsafəyə sərbəst, qadınlar arasında isə 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışlarının qalibləri müəyyənləşib.

Kişilər arasında 400 metr məsafəyə sərbəst üzmə yarışında bütün rəqiblərini geridə qoyan xorvatiyalı Franko Qrqiç festivalın çempionu adını qazanıb. Almaniyalı Silas Bet gümüş, Yunanıstan atleti Aleksandros Kaçris isə bürünc medallara layiq görülüblər.

Qadınlar arasında 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında isə Böyük Britaniya təmsilçisi Keyti Şanahan “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb. Macarıstan üzgüçüsü Lia Sulak ikinci, italiyalı Çiara Fontana isə üçüncü yeri tutublar.

Qalib və mükafatçılar medal və hədiyyələrlə təltif olunublar.

Bununla yanaşı, kişilər arasında 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında Aleksey Tkaçev (Rusiya), Hubert Kos (Macarıstan), İvan Adamçuk (Belarus), Adam Maraana (İsrail), Berke Saka (Türkiyə), Maksimilien Huqot (Fransa), Filip Kosinski (Polşa), Mark Ford (Böyük Britaniya) finala vəsiqə qazanıblar.

Qadınlar arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının finalçıları isə Tamrin Van Selm (Böyük Britaniya), Aleksandra Sabitova (Rusiya), Karmen Veyler Sastr (İspaniya), Çiara Kleyn (Almaniya), Nina Stanisavleviç (Serbiya), Milou Van Vijk (Hollandiya), Karina Snitko (Ukrayna), Lyusil Tessariol (Fransa) olublar.

Qadınlar arasında 200 metr məsafəyə arxasıüstə üzmə yarışlarının finalında Françeska Qaytani Erika (İtaliya), Keyti Şanahan (Böyük Britaniya), Lyusi Mosdzien (Almaniya), Laura Bernat (Polşa), Sudem Denizli (Türkiyə), Yana İvaşinka (Belarus), İoana Marin (Rumıniya), Renata Qaynullina (Rusiya) mübarizə aparacaqlar.

Azarkeşlər, həmçinin kişilər arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarının finalında Dmitriy Asxabov (Rusiya), Rostislav Krıjanivskiy (Ukrayna), Villiam Ellinqton (Böyük Britaniya), Brendan Fitzpatrik (Fransa), Nikola Lazareviç (Serbiya), Mihay İakob (Rumıniya), Aleksas Savikas (Litva), İvan Soudilovskinin (Belarus) mübarizəsini izləyəcəklər.

Qadınlar arasında 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışlarının həlledici mərhələsində Sofi Friman (Böyük Britaniya), Anastasiya Markova (Rusiya), Reka Nyaradi (Macarıstan), Merve Tuncel (Türkiyə), Sofiya Sartori (İtaliya), Helen Lorens (Norveç), Şaron Şteyman (İsrail), Barb Blazkviz Barraçina (İspaniya) medallar uğrunda yarışacaqlar.

Final yarışları iyulun 23-də keçiriləcək.

Qeyd edək ki, Festivalın üzgüçülük yarışlarında Azərbaycan 6 atlet - Rəşad Alquliyev, Elyar Cahangirbəyov, Maksim Petrenko, Ramil Vəlizadə, Aysel Səfərova, Məryəm Şeyxəlizadəxangah ilə təmsil olunur.

Üzgüçülük yarışlarına iyulun 26-da yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed