Şrift:
“Neftçi”nin baş məşqçisi: Avrokuboklarda ardıcıl 4 qələbə ilə Azərbaycan futbol tarixinə düşdüyümüzə görə sevinirik
02.08.2019 [09:33] - Gündəm, İdman
Bizi çətin rəqib gözləyirdi. Bunu ilk dəqiqələrdən göstərdilər, bizə çətinliklər yaratdılar. İlk dəqiqələrdən irəli atılacaqları, risk edəcəkləri gözlənilirdi. Rəqibin təzyiqinə baxmayaraq, futbolçularım buna düzgün qarşılıq verdilər. Rauf Əliyevin vurduğu ilk qoldan sonra isə oyun bizim xeyrimizə dəyişdi.

Bu sözləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiyanın “Arsenal” (Tula) komandasını məğlub edən Bakının “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin deyib.

İtaliyalı baş məşqçi deyib: “Emin Mahmudovun sağlamlığında həftəboyu problem yaranmışdı. Buna görə də kifayət qədər məşq edə bilmirdi. Bu problem ilk oyundan sonra yaranmışdı. Oyunçuların durumu barədə sabahdan maraqlanacağıq. Növbəti mərhələdəki rəqibimiz haqda sabahdan düşünməyə başlayacağıq. Bu gün qələbə qazanmışıq. Çalışacağam oyunçularla bunu qeyd edim. Sabahdan növbəti mərhələnin hazırlığına başlayacağıq”.

R.Bordin bildirib ki, “Arsenal” ilk oyunda da, bu gün də çox yaxşı futbolçuları olduğunu göstərdi. Texniki və fiziki cəhətdən çox yaxşı komandadır. Azarkeşlərimiz hər zaman bizi dəstəkləyirlər. Onlar bugünkü qələbəyə layiq idilər. Bu qələbə hamımızındır. "Forza Neftçi” üzvlərini İsraildə də görmək istəyərdim. Avrokuboklarda ardıcıl 4 qələbə ilə Azərbaycan futbol tarixinə düşdüyümüzə görə sevinirik. Bununla kifayətlənmirik. Çalışacağıq ki, qələbələri sıralamaqda davam edək. Transferlərlə bağlı da fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, “Bakcell Arena”da təşkil olunan matçda “Neftçi” komandası “Arsenal”ı (Tula) 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə, “Neftçi” komandası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə komandamızın rəqibi İsrail təmsilçisi “Bneyi Yehuda Təl-Əviv” olacaq. Bu mərhələnin oyunları avqustun 8-də və 15-də keçiriləcək. “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed