Şrift:
Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib
24.10.2011 [19:08] - İqtisadiyyat
Oktyabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib. Prezident İ. Əliyev 2011-ci ilin ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olduğunu, ölkə qarşısında duran əsas sosial-iqtisadi məsələlərin həllini tapdığını bildirib.

Dövlət başçısı ölkədə güclü sənaye potensialının yaradılması ideyasının da uğurla həll edildiyini, istehsal müəssisələrinin fəaliyyətinin gücləndirildiyini deyib. Dövlətin özəl sektorun inkişafına diqqətinin bu ilin 9 ayında da davam etdiyini deyən prezident kənd təsərrüfatı sahəsində də ciddi nailiyyətlərin əldə olunduğunu, gələn il kənd təsərrüfatı sahəsində böyük proqramların icra ediləcəyini bildirib. Qeyd olunub ki, bu ilin 9 ayında kənd təsərrüfatı istehsalı 7,6 faiz artıb. Bu dövrdə ölkənin maliyyə vəziyyəti daha da yaxşılaşıb, maliyyə ehtiyatları artıb. Azərbaycanın valyuta ehtiyatları 11 milyard dollar artaraq 40 milyard dolları ötüb. Bütün bunlara isə iqtisadi inkişafın uğurları nəticəsində nail olunub.

Prezident İ. Əliyev aztəminatlı təbəqənin sosial cəhətdən daha yaxşı müdafiəsi üçün addımların atıldığını deyib. Bildirib ki, ünvanlı sosial yardım proqramının icrası 113 min ailəni əhatə edir, bu təbəqədən olan hər ailəyə orta hesabla 130 dollar yardım verilir.

Dövlət başçısı ölkədə həyata keçirilən son pensiya artımının uğurla icra olunduğunu vurğulayıb. Qeyd olunub ki, ölkədə işsizliyin aradan qaldırılması ilə bağlı böyük işlər görülüb. Hazırda işsizliyin səviyyəsi 5,5 faizdir. Bu il regionlarda uğurlu investisiya layihələrinin icra edildiyini, yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görüldüyünü deyən prezident İ. Əliyev bildirib ki, son 9 ayda ölkədə 74 min yeni iş yeri açılıb ki, onlardan 50 mini daimidir. Bununla da son 8 ildə Azərbaycanda açılan iş yerlərinin sayı 950 minə çatıb.

Dövlət başçısı onu da deyib ki, paytaxtın kənd və qəsəbələrinin inkişafı ilə bağlı proqramın icrası davam etdirilir, abadlıq-quruculuq işləri aparılır, infrastruktur yenilənir, məşğulluq problemləri həll olunur. Prezident ölkə üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub və bu məsələdə hələ ki, ciddi nəticəyə nail olunmadığını bildirib.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunu Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması ilə bağlı keçirilən səsvermənin də təsdiqlədiyini bildirib. Dövlət başçısı bu məsələ ilə bağlı Ermənistanın da namizədliyini irəli sürdüyünü, amma Azərbaycanla rəqabət apara bilməyəcəyini anlayaraq geri çəkildiyini xatırladıb. Prezident İ. Əliyev BMT-də 113 ölkənin Azərbaycana dəstək verməsini müstəqilliyin 20 ili ərzində ölkənin qazandığı nüfuzun məntiqi nəticəsi kimi xarakterizə edib.

Sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov və nəqliyyat naziri Ziya Məmmədov bu ilin 9 ayında sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən tədbirlərdən danışıblar.

Prezident İlham Əliyev yekun çıxışında ilin sonuna qədər nəzərdə tutulan proqramların icra edilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, ilin sonuna kimi makroiqtisadi sabitlik qorunub saxlanılacaq. “Bu il əhalinin pul gəlirləri 19 faiz artıb və bu gəlirlər inflyasiyanı 2 dəfədən çox üstələyib” deyən dövlət başçısı yaxın vaxtlarda Milli Məclisdə müzakirə ediləcək gələn ilin dövlət büdcəsinin investisiya və sosial yönümlü olmasının vacibliyini qeyd edib.

“Gələn il dövlət büdcəsinin xərcləri 22 milyard dollar, icmal büdcə isə 25 milyard dollar səviyyəsində olacaq” deyən prezident bu göstərici üzrə Azərbaycanın dünyada ön sıralarda getdiyini bildirib. 2012-2013-cü illərdə əsas infrastruktura layihələrinin icrasının həyata keçirilməsini vacibliyinə diqqət çəkən dövlət başçısı elektrik enerjisi istehsalının artırılacağını, bərpa olunan enerji layihələrinin icra olunacağını, ixrac yönümlü sənaye potensialının yaradılacağını bildirib.

Prezident İ. Əliyev yeni hədəf də müəyyənləşdirib: “Növbəti 10 ildə Azərbaycanda ÜDM ən azı 2 dəfə artmalıdır”.

Ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının inkişafının, mövcud bazarlara daha böyük həcmdə məhsulların ixrac edilməsinin, yeni emal müəssislərinin yaradılmasının, sahibkarlığın inkişafının və xaricə investisiyaların qoyulmasının əhəmiyyətindən danışan dövlət başçısı korrupsiya ilə mübarizənin daha da gücləndirilməsinin vacibliyinə toxunub.

Prezident informasiya-kommunikasiya texnologiyalarının və neft-qaz sektorunun inkişafı ilə bağlı tədbirlərin davam etdiriləcəyini, “Abşeron” yatağının kəşf olunması ilə Azərbaycanın qaz ehtiyatlarının artıq 2,6 trilyon kubmetrə çatdığını bildirib.

Qeyd edib ki, turizm ilinin qeyd olunduğu Azərbaycan yaxın vaxtlarda 5 ulduzlu otellərin sayına görə bölgədə birinci olacaq və təsadüfi deyil ki, məşhur otel brendləri Bakını elitar turizm mərkəzi kimi qəbul edir. Bu sırada ölkəmizin tarixi şəhərlərinin bərpası istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır.

Prezident İ. Əliyev paytaxtda gedən inkişaf prosesləri barədə də danışıb və əmin olduğunu bildirib ki, ilin sonuna qədər bütün vəzifələr icra olunacaq.
Bu xəbər oxucular tərəfindən 1510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed