Şrift:
Yaponiyada “Krosa” tufanına görə 570 min nəfər təxliyə xəbərdarlığı alıb
15.08.2019 [09:18] - Gündəm, Hadisə
Yaponiyanın qərb rayonlarının 570 min sakini “Krosa” tufanının yaxınlaşması ilə əlaqədar evlərini tərk edərək təxliyə mərkəzlərinə yerləşmək barədə xəbərdarlıq alıb.

Bu barədə avqustun 15-də NHK telekanalı məlumat yayıb.

Sinoptiklərin proqnozlarına görə bu tədbirlər əsasən, tropik qasırğanın hərəkət istiqamətində olan Hiroşima prefekturasına aiddir. Hazırda tufanın daxilində küləyin sürəti saniyədə 35 metrə çatır. Yaponiyanın qərbində gün ərzində yağıntının miqdarının 800 millimetrə çatacağı gözlənilir ki, bu da öz növbəsində torpaq sürüşmələri yarada bilər.

Tufana görə yapon aviaşirkətləri Tokiodan Şikoku və Küşü istiqamətində 720 reysi təxirə salmağa məcbur olub. Həmçinin qərb rayonlarında qatarların hərəkəti təxirə salınıb, sürətli “Şinkansen” qatarlarının Sanyo xəttində hərəkəti dayandırılıb. Sürətli avtomobil yollarında da bəzi sahələr bağlanıb.

Proqnozlara görə, Sakit okeanda yaranan “Krosa” tufanı sutka ərzində Yapon dənizinə çataraq Hokkaydo adası istiqamətində hərəkət edəcək.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed