Şrift:
“Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI
24.08.2019 [11:06] - Xəbərlər, Hərb
“Avqustun 22-də bir qrup Qarabağ qazisi ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərində və hərbi hissədə olduq. Sərhədçilərimizin Ermənistanla sərhəddə irəli çəkdikləri mövqelərə qalxdıq, oradakı şəraitlə şəxsən tanış olduq”.

Bunu ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi veteranı Xətai Baxışov bildirib.

Onun sözlərinə görə, sərhədçilərimizin Babakər dağında və sol cinahda tutduğu yeni mövqelər geniş spektrdə müşahidəyə imkan verir.


“Həyata keçirilmiş mühəndis işləri nəticəsində həm şəxsi heyətin, həm də yaxınlıqda yerləşən II Şıxlı kəndinin təhlükəsizliyinin tam təmin olunub. Gördüyümüz qədər düşmən sərhədçilərimizin təcrübəsiz olduğunu düşünüb, irəliləmək istəsə də, elə öz ərazilərində ilişib qalıb. Düşmən irəlləmək istədiyi istiqamətlərdə planlaşdırdığı mövqelərə çıxsaydı 700 metr yüksəkliyə malik Babakər dağındakı mövqeyimiz əhəmiyyətini itirəcək, həmin yüksəklikdəki mövqe ilə bütün kommunikasiya kəsiləcəkdi. Eyni zamanda, düşmən Qırmızı Körpüyə və II Şıxlı kəndinə nəzarət üstünlüyünü əldə edəcəkdi. Sərhədçilərimiz düşməni lokallaşdırmaqla yanaşı, üstünlüyü ələ alıblar. Bunu bir daha yerində gördük.Yaradılan yeni döyüş mövqeləri artıq ərazidəki bütün kor sahələri bağlayıb”.


Xətai Baxışov bildirib ki, döyüş mövqelərində 8-9 aydır olmalarına baxmayaraq, sərhədçi əsgərlərimiz və zabitlərimizin ruhu yüksəkdir.:


“Sərhəd Qoşunlarımız kifayət qədər ciddi işlər ortaya qoya bilib. Bu da bir zabit kimi məni fərəhləndirir və ümidləndirir. İnşallah, Ali Baş Komandanımızın əmri ilə ordumuz, sərhədçilərimiz, digər qoşun növlərimizin şəxsi heyəti çiyin-çiyinə, birlikdə hərəkətə keçib torpaqlarımızı azad edəcək, Araz çayınadək dövlət sərhədlərimizə çıxacağıq. Diviziyanın Müdafiə Nazirliyin hissələri ilə birgə fəaliyyət planları var. Bu əməkdaşlıq düşmənin istənilən böyük miqyaslı təxribatının qarşısını almağa imkan verir. Sabah sərhəddə hər hansı bir düşmən təxribatı olarsa, ordu korpusumuzun artilleriyası, tankı, şəxsi heyəti sərhədçilərimizə dəstək verəcək, bir yerdə düşmənə qarşı güc tətbiq edə biləcəklər”.


Avqustun 22-də Qarabağ müharibəsi veteranlarının və bloggerlərin bir qrupunun müraciəti əsasında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə, təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrinə səfəri təşkil olunub.

Səfər çərçivəsində Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində təmas xəttində yaradılmış sərhəd müdafiə və mühafizə infrastrukturu, sərhəd döyüş məntəqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və istirahət şəraiti ilə yaxından tanışlıq olub.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed