Şrift:
Cüdoçularımız Tokioda keçirilən dünya çempionatının üçüncü gününü iki medalla başa vurublar
28.08.2019 [11:27] - İdman
Azərbaycan millisi Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının üçüncü günündə - avqustun 27-də iki medal qazanıb.

Yarışın üçüncü günündə qadınlar 57, kişilər isə 73 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Kişilərin yarışında ölkəmizi iki cüdoçu təmsil edib. Rüstəm Orucov belaruslu Vadim Şoka, Yunanıstan təmsilçisi Georgios Markarian, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda R.Orucovun rəqibi komanda yoldaşı Hidayət Heydərov olub. Cüdoçularımızın duelindən R.Orucov qalib ayrılaraq finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi “Rio 2016” Yay Olimpiya Oyunlarının qalibi yaponiyalı Şohei Ono olub. Rəqibinə məğlub olan R.Orucov dünya çempionatının gümüş medalı ilə kifayətlənib.

H.Heydərov isə yarımfinaladək macarıstanlı Frigies Szabo, Rusiya cüdoçusu Musa Moquşkov, Böyük Britaniya idmançısı Erik Ham və tacikistanlı Behruzi Xojazodan üstün olub. Komanda yoldaşı R.Orucova məğlub olan H.Heydərov bürünc medal uğrunda mübarizə aparıb. Tacikistan idmançısı Somon Maxmadbekova qalib gələn H.Heydərov dünya çempionatını üçüncü pillədə başa vurub.

Qadınların yarışında çıxış edən idmançımız İçinxorloo Munxtsedev ilk görüşdə panamalı Miryam Roperə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə yarışan altı cüdoçumuz mübarizəni medalsız başa vurub.
Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed