Şrift:
Arxeoloqlar Qax rayonu ərazisində arxeoloji axtarış-kəşfiyyat işləri aparırlar
29.08.2012 [10:49] - Gündəm, Mədəniyyət
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun paleolit dövrü arxeoloji dəstəsi tərəfindən Qax rayonu ərazisində ibtidai insanların yaşayış məskənləri ilə bağlı axtarış-kəşfiyyat işləri aparılır. Tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurovun rəhbərliyi ilə aparılan kəşfiyyat işlərində rayon tarix-diyarşünaslıq muzeyinin əməkdaşları da yaxından iştirak edirlər.
Muzeyin direktoru Mahir Əfəndi AzərTAc-a bildirmişdir ki, axtarış-kəşfiyyat işləri əsasən rayonun İlisu, Sarıbaş, Ağçay, Ləkit və Ləkit-Kötüklü kəndlərində aparılmışdır. Ləkit-Kötüklü kəndindən şimalda, yerli əhalinin “xorqaya” və “skolatlar” adlandırılan ərazidə aparılan kəşfiyyat işləri zamanı arxeoloqlar dəniz səviyyəsindən 2500 metr yüksəklikdə dolomit qaya zolaqlarından ibarət qaya yarıqlarının arasında ibtidai insanların yaşaya biləcəyi ehtimal olunan maraqlı mağara və zağalar qeydə almışlar. Arxeoloqların ehtimalına görə, bu qayaaltı qövsvari boşluqlarda ibtidai insanların yaşaması üçün münbit şərait olmuşdur. Belə ki, Alp yüksəkliklərində dağ çəmənləri, sıldırım qayalarda ara-sıra enliyarpaqlı meşə zolağı, su mənbəyi ibtidai insanların yaşayışını şərtləndirən amillər ola bilər.
“Xorqaya”nın şimal yamacında Kaynazoy qrupu çöküntü laylarından ibarət sıldırım qayalığın altındakı zağanın ərazisi şimal-cənub istiqamətində təxminən 100 metrə çatır. Qayaaltı sığınacağın – zağanın mədəni təbəqəsinin dərinliyi 3 metr təşkil edir. Hazırda bu ərazi sonrakı aşınma və çöküntülərdən dolmuşdur.
Arxeloji dəstənin rəhbərinin bildirdiyinə görə, bu ərazidə ibtidai insanların məskunlaşması və tarixi ilə bağlı daha dəqiq məlumatlar gələcəkdə ərazidə aparılacaq arxeoloji tədqiqatlar zamanı məlum olacaqdır.
Bu xəbər oxucular tərəfindən 1358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed