Şrift:
Dəyər fərqi
25.10.2011 [10:23] - DAVAMın yazıları
“Çanaqqala döyüşlərinin birində belə bir hadisə baş verir. Məlumdur ki, müharibələrdə ölən əsgərlərin xüsusi əşyaları ailələrinə göndərilir. Çoxlu qan itirmiş, ölməkdə olan bir yaralını orada olan həkimlərdən biri tez-tez ziyarət edir. Maraqlıdır, həkim xəstəni müayinə üçün yoluxmur, sadəcə hər gələndə yaralının üzünə baxıb gedir. Və bir gün tibb bacılarından biri həkimə o əsgərin öldüyünü xəbər verir. Həkim, boğulmuş səsi ilə yaşı gözlərində gizləyib: “onun əşyalarını mənə gətirin, çünki o, mənim oğlumdur”...
Bu qürur yanız və yalnız Türk millətinə məxsusdur. Damarında ancaq bu millətin qanı axan biri bu fədakarlğı edib Vətən üçün oğlunun canından keçə bilər.
Bu həqiqəti bizimlə bərabər bütün bəşəriyyət bilir. Mən bu yazımda eyni qanı daşıyan Türklərin Azərbaycan və Türkiyə ölkələrindəki dəyər fərqindən danışmaq istəyirəm.
“Prezident şəhidin tabutunu qaldırdı”, “Baş nazir şəhid ailəsini ziyarət etdi”, “Prezidentin xanımı şəhid anasıyla birgə ağladı...” Türkiyə mətbuatını izləyən, Türkiyə telekanallarına baxan hər kəs bu cümlələrlə zəngin xəbərlərdən məlumatlıdır. Türkiyə rəsmisinin, polisinin şəhidə axan göz yaşlarını yəqin ki, ekrandan görməyən qalmayıb.
Türkiyə ordusunun PKK terror təşkilatına qarşı hazırlanan ən məxfi əməliyyatlarının çoxu şəhidin yetim qalan körpələrinin adını daşıyır. Türkiyəli şəhid anası “bir oğlum da olsa Vətənə fəda olsun!” deyə hayqıranda onun göz yaşlarıyla islanmış qürurunu Türkiyə xalqı oxşayır. Prezident onun gözünü sildiyi əl dəsmalını öpür.
Bu, Türkiyədə belədir. Bəs Azərbaycanda nə baş verir? Azərbaycandakı diqqətsizlik damarlardakı qeyrəti zədələyə bilməz. Amma əvvəl qanunlarla, daha sonra təbəqələşmə ilə ayrılır Vətən. Biz Qarabağ müharibəsinin ilk illərində şəhid ailələrinə vəsiqə belə payladıq. Nəqliyyat vasitələrindən pulsuz hərəkət edə bilsinlər deyə...
Amma bir dəfə qapısını çalmadıq şəhidi mizin, anasını “Anam” deyə bağrımıza basmadıq. Qeyrətimiz çatmadı, çünki!
Mən mənim şəhidimin tabutunu qaldıran, mənim şəhidimin Anasının göz yaşlarını silən rəhbər üçün canımı verərəm. Onun sinəsindəki dərdlərə öz sevgisi ilə şillə çəkə bilən rəhbərin yolunda ölərəm!
Amma...
Vətənin ürəyimdəki yeri ağrıyır. Mənim ölkəmin qanuni vətəndaşları kimi, şəhidinin də yazıq olması ürəyimi ağrıdır. Şəhid olan oğulların sayəsində hakim kürsülərə əyləşən nanəciblərin ləyaqətsizliyi ağrıdır, içimdəki Azərbaycan boyda yeri.
Bilirsinizmi, ən ağrılısı nədir? Əmin olun, bu ekranların qarşısında əyləşən minlərlə şəhid ailəsi Türkiyədə ölən şəhidlərə həsəd aparır. Qarabağ müharibəsində meyidi tapılmayanların ailələrinin meyidi tapılan ailələrə apardığı həsəd kimi!
Baxın, dərd budur! Ağrı budur!
Eyni torpaq, eyni Vətən, eyni millət olan biz Türklərin başqa-başqa respublikalardakı nəsibi budur. Birindəkilər, dövlətlərinin onlardan əsirgəmədiyi sevginin köməyi ilə içindəki qüruru bayraq edib, Vətən üçün yenidən ayaqda durmağı bacarır, o birisindəkilər isə həmin sevginin olmaması səbəbiylə, içlərindəki qürur boyda ağrıyla sadəcə günlərini yola verir. Daşıya bilmədikləri dərdlərini torpağa qoyub yüngülləşmək üçün.
P.S. İnsanlar arasındakı dəyər fərqi yaxşı ki, Tanrının dərgahında ölçülür. Yoxsa din adına dinsizliyin, millət adına millətsizliyin tüğyan elədiyi ölkəmdə dəyərlərini axtaranların halı yaman olardı. Yaxşı ki, hər insanın Tanrı adlı ümid yeri var!
Bu xəbər oxucular tərəfindən 1679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed