Şrift:
Bu gün Azərbaycanda Aşuradır
10.09.2019 [10:11] - Gündəm, İslam dini

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Məhərrəm ayı ilə bağlı fətvasına əsasən, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Fətvada qeyd olunub ki, Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.

Fətvada bildirilib ki, məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Din xadimləri Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvasını məscidlərdə oxumalı və qeyd olunan tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

Fətvada həmçinin vurğulanıb ki, QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb: "Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər".

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Səhiyyə Nazirliyindən bildirilib ki, aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy” məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas” məscidi, “Sahibəzzaman” məscidi , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı” məscidi, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət” məscid ziyarətgahı və İçəri şəhər “Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur” məscidi, Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Soltanəli” və Hacı Cavad” məscidində keçirilir.

Bölgələrdə könüllü qan vermək istəyənlər isə Gəncə şəhəri “İmamzadə” kompleksi , Lənkəran şəhər Böyük bazar “Cümə” məscidi, Mingəçevir şəhəri “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhəri “İmam Əli” məscidi, Mərkəzi Qan bankının Şirvan bölməsi və Şirvan şəhər məscidi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə” məscidi (mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Göyçay şəhəri “Əbülfəzlil Abbas” məscidi, Xaçmaz şəhər Məscidi, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi, Salyan şəhəri Hacı Tağı məscidinə gedə bilərlər.

Aksiyalar səhər 9:00-dan başlanıb.

Saat 09:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 233 litr qan tədarük olunub.
Bu xəbər oxucular tərəfindən 649 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed