Şrift:
Azərbaycanın siyasi partiya liderləri müxalifətin uğursuzluğunda Müsavat və AXCP-ni ittiham edir
30.08.2012 [12:23] - Siyasət
Azərbaycanın müxalifət liderləri hesab edirl'r ki, son 20 ildə müxalifətin ciddi bir iş görməməsinin başlıca səbəbi Müsavat ilə AXCP arasında münasibətlərin qeyri-səmimi qurulmasıdır.
"Uzun müddətdir ki, biz Azərbaycanda siyasi mühitdəyik və ardıcıl olaraq Azərbaycan müxalifətində bir çox mənfi tendensiyalar məhz Müsavat ilə AXCP arasında münasibətlərin düzgün qurulmaması ilə bağlı olub. Biz xeyli bundan qabaq demişdik ki, heç bir halda bu iki qrup bir-birinə güzəştə getməyəcək və İctimai Palatanın tərkibində də vahid namizədlə çıxış etməyəcəklər", - bunu cümə axşamı Trend-ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
O vurğulayıb ki, İctimai Palata (İP) da bu iki partiyanın monopoliyasındadır, bu partiyalar özlərini İP-d'n üstün bir qurum kimi təqdim edirlər.
"İctimai Palatanın rəhbərliyi belə, iki qrupa bölünüb. Bir qismi Müsavatın tərəfdarları və üzvləridir, digər qismi isə AXCP tərəfdarları və üzvləridir. Bu onunla bağlıdır ki, İP əvvəlcədən düzgün qurulmayıb, bir çox məsələlər qabaqcadan açıq şəkildə ortalığa qoyulmur. İndi də deyirlər ki, bunu etməyək, onu etməyək, hələ tezdir, seçkiyə iki gün qalmış müzakirə edək, ictimaiyyət bizim hərəkətlərimizə qiymət verənə qədər biz artıq aradan çıxaq, öz bildiyimizi edək", - ADP sədri deyib.
O hesab edir ki, bu, düzgün yol deyil və gülüncdür. Müsavat və AXCP-nin bu cür münasibəti bütünlükdə Azərbaycan müxalifətinin məğlubiyyətinə gətirib çıxarıb.
"İctimai Palatanın ümumi rəyi bunlar üçün bir o qədər də önəm daşımır və ən başlıcası da budur ki, hər iki partiyanın qrup və fərdi maraqları ictimai maraqlardan çox-çox üstündür. Hətta müttəfiqləri ilə məsləhətləşmədən hərə öz bildiyi kimi bəyanat verir, özünün namizədliyini elan edir və bu da arzuolunmaz reaksiyalara gətirib çıxarır. Düşünürəm ki, sadəcə bu iki partiya arasında səmimi əməkdaşlıq yoxdur", - Cəlaloğlu deyib.
Azadlıq Partiyasının sədri Əhməd Oruc da Müsavat və AXCP-nin 20 ildir uğursuz fəaliyyət göstərdiyini vurğulayıb.
O, Müsavat başqanı İsa Qəmbər və ya AXCP sədri Əli Kərimlinin prezident seçkilərində namizədliklərini irəli sürüb-sürməməyinin heç bir əhəmiyyəti olmadığını hesab edir.
Əhməd Oruc Trend-ə açıqlamasında qeyd edib ki, İP-də vahid namizəd məsələsinin müzakirəsinin qadağan edilməsinin özü bir absurdur.
"Yəni bu uqrumun adi bir məsələnin müzakirəsinə hazır olmadığı, adi bir müzakirədən sarsılıb dağılmasından ehtiyatlandığı ortadadır. Bu cür absurd vəziyyətə düşmüş insanların namizədliyini irəli sürməsi və yaxud sürməməsi nəyi dəyişəcək?" - Oruc deyib.
Qeyd edək ki, İctimai Palata (İP) prezidentliyə namizədlik məsələsini müzakirəyə çıxarmamaq haqqında qərar qəbul etsə də, İP Koordinasiya Şurasının üzvü İsa Qəmbər gələn il keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətini açıqlayıb. Bu bəyanat Müsavatın əsas müttəfiqi olan AXCP tərəfindən birmənalı qarşılanmayıb.
Bu xəbər oxucular tərəfindən 1715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed