Şrift:
Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
13.09.2019 [10:41] - Gündəm, Türkün şanlı tarixi
Sentyabrın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı, Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Bakının erməni-bolşevik işğalçılarından azad olunmasının 101 illiyinə həsr edilən “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə ATXƏM-in sədri İlham İsmayılov açaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır vaxtlarında Azərbaycana qardaş köməyinə gəlmiş Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası barədə danışıb. O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirib ki, zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. O deyib: “Qafqaz İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni-bolşeviklərdən xilas etdi. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, 1918-ci ildə baş vermiş bu hadisəni qeyd etməyimiz bizim üçün çox önəmlidir. 1915-ci ildə Çanaqqala döyüşündə türklərlə bərabər, azərbaycanlı qardaşlarımız da şəhid olub. Üç il sonra - 1918-ci ildə azərbaycanlı qardaşlarımıza kömək lazım olduqda heç düşünmədən bu köməyi etdik. Tarixboyu azərbaycanlı qardaşlarımıza kömək lazım olanda müraciət gözləməmişik. Dostluğumuz, qardaşlığımız 100 illər keçsə də, davam edəcək və daha da güclənəcək. Biz bu münasibətlərin güclənməsi üçün hər bir sahədə əlimizdən gələni etməyə hazırıq.

Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev tədbir iştirakçılarına 1918-ci ildə erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən söhbət açıb. 15 sentyabr tarixinin əhəmiyyətindən danışan sektor müdiri qeyd edib ki, Azərbaycan böyük çətinliklərlə üzləşən bir vaxtda - 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəldi. Əgər bu gün biz Bakının azad olunmasını qeyd ediriksə, bunu o zamankı türk və Azərbaycan əsgərlərinə borcluyuq. Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı davam edir.

Türkiyədən olan qonaqlar - araşdırmaçı, jurnalist Meryem Aybike Sinan, Əhməd Yəsəvi Vəqfinin rəhbəri Fatma Sönmez, Ötüken nəşriyyatının rəhbəri və redaktoru Ayşegül Büşra Çalık və başqaları çıxışlarında 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər.

Tədbirin ədəbi-bədii hissəsində Şəmistan Əlizamanlı, Şahin İsmayılov və başqa sənətkarların ifasında konsert proqramı təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 32236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed