Şrift:
Azərbaycan Səhiyyə Nazirliyi sərnişin qatarı ilə sərnişin avtobusun toqquşması nəticəsində baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb
31.08.2012 [12:41] - Gündəm, Sağlıq
Azərbaycan Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonu ərazisində sərnişin qatarı ilə avtobusun toqquşması nəticəsində baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən cümə günü verilən məlumata görə, 33 nəfər Kliniki Tibbi Mərkəzə, 11 nəfər Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna, 1 nəfər isə Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrdən 8-nin vəziyyəti ağırdır.
Hadisə yerində 3 cəsəd aşkarlanıb. Daha sonra isə hadisə nəticəsində yaralanmış 3 nəfər də dünyasını dəyişib. Onlardan biri yolda, qalan 2 nəfəri isə xəstəxanada dünyasını dəyişib.
Avqustun 31-də Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı səhər saat 07:25-də Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07:30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev Trend-ə bildirib ki, qəza zamanı ölən 6 nəfərin meyiti ekspertizaya təqdim olunub. Onlardan 2-si qadın, 4-ü kişidir. Onların şəxsiyyəti hələlik müəyyən olunmayıb.
Bu xəbər oxucular tərəfindən 1486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed