Şrift:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında memorandum imzalanıb
19.09.2019 [11:49] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Sentyabrın 18-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında anlaşma memorandumu imzalanıb.

Memorandum mədəniyyət və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair oxşar vəzifələri paylaşmaq və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq etmək məqsədilə imzalanıb.

Memorandumu Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva imzalayıblar.

Rektor Siyavuş Kərimi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının mədəniyyəti, tarixi, mənəvi aləmi ilə məşğul olur. Fond Azərbaycanda və xaricdə maraqlı layihələr həyata keçirir. İnanıram ki, imzaladığımız memorandum əsasında uğurlu layihələr icra edəcəyik. Memorandum konservatoriyamızın müəllim heyətinin və tələbələrinin qarşısında müvafiq sahələr üzrə perspektivlər açacaq”.

Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Milli Konservatoriyasının əməkdaşlıq üçün böyük potensialı olduğunu vurğulayaraq deyib: “Düşünürəm ki, bu əməkdaşlıq həm türk dünyası, həm Azərbaycan üçün gözəl nəticələr verəcək”.

Günay Əfəndiyeva türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, folkloru, adət-ənənələri, möhtəşəm memarlıq abidələrinin mühafizəsinin önəmini diqqətə çatdırıb, yenicə fəaliyyətə başlamış Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi tədbir, konfrans, simpozium, sərgilərdən bəhs edib. O bildirib ki, fondun əsas məqsədi türkdilli, qardaş xalqları bir-birinə daha da doğmalaşdırmaq, yaxınlaşdırmaqdır. Eyni zamanda, türk xalqlarına məxsus zəngin mədəni irsi dünyada təbliğ etmək, tanıtmaqdır.

Günay Əfəndiyeva vurğulayıb ki, müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli mənəvi dəyərlərini əhatə edən müxtəlif layihələrə imza atıb.

Günay Əfəndiyeva qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndiriblər. Bu, bizim üçün qürurdur, eyni zamanda məsuliyyətdir.

Fondun prezidenti diqqətə çatdırıb ki, memorandumda türkdilli xalqların mədəni irsinin təbliği və dahi şəxsiyyətlərinin yubileylərinin qeyd olunması məqsədilə konfrans, seminar, sərgi və bu kimi tədbirlərin birgə keçirilməsi, Milli Konservatoriyanın tələbələri üçün Fondda 1-3 aylıq istehsalat təcrübəsinin təşkili və sertifikatların təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, türk dünyasına mühüm töhfələr verəcək araşdırmalar aparan və tədqiqat işlərinin həyata keçirilməsində fərqlənən tələbələrə təqaüdün verilməsi, Milli Konservatoriyada Fondun himayəsi ilə Türk Dünyası Musiqi Mərkəzinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yarandığı qısa müddət ərzində uğurlu fəaliyyəti, maraqlı layihələri ilə yadda qalıb.

“İnanıram ki, fond bundan sonra da türk dünyasının mədəniyyətinin və mədəni irsinin dünyaya tanıdılmasında mühüm addımlara imza atacaq”, - deyə səfir Erkan Özoral qeyd edib.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrinin konsert proqramı ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed