Şrift:
Azərbaycan velosipedçiləri Türkiyədəki yarışda Olimpiadaya lisenziya üçün 8 xal qazanıblar
21.09.2019 [10:54] - Gündəm, İdman
Şose velosipedi üzrə Azərbaycanın elit yığma komandasının üzvü, ölkə çempionu Elçin Əsədov Bəhreynin “VIB Sports” kontinental komandası ilə müqavilə imzalayıb. Yeni klubunda çempion köynəyi ilə çıxış edən velosipedçimiz “VIB Sports”un heyətində debüt edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər ki, Türkiyədə təşkil edilən birgünlük “Grand Prix Erciyes” turunda E.Əsədov komandasının heyətində ən yaxşı nəticə göstərib. O, 142 kilometrlik məsafəni səkkizinci pillədə başa vurmaqla həm də ölkəmizin aktivinə “Tokio 2020” Yay Olimpiya Oyunlarına 3 lisenziya xalı yazdırıb.

Qeyd edək ki, “VIB Sports” klubu yarışda iştirak edən komandalar arasında vaxt göstəricisinə görə birinci yeri tutub.

“Grand Prix Erciyes” turunda heyəti Samir Cəbrayılov, Musa Mikayılzadə, Mahmud Məmmədov, Xankişi İsgəndərov və Mikayıl Səfərlidən ibarət Azərbaycan yığması da iştirak edib. Uğurlu komanda işinin nəticəsi olaraq finiş xəttini yeddinci keçən S.Cəbrayılov ölkəmizin aktivinə daha 5 lisenziya xalı yazdırıb.

Beləliklə, “Grand Prix Erciyes” yarışı millimiz üçün Tokio Olimpiadasına qazanılan 8 xalla əlamətdar olub. Sentyabrın 21-22-də velosipedçilərimiz qardaş ölkədə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən daha bir yarışda - 2.2 kateqoriyalı Kayseri turunda da çıxış edəcək.
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed