Şrift:
Ukraynanın tanınmış ürək cərrahı İlya Emetsin başçılıq etdiyi heyət Naxçıvanda müayinələr aparıb
25.09.2019 [11:57] - Gündəm, Sağlıq
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ukrayna Səhiyyə Nazirliyinin Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibbi Mərkəzinin direktoru, Ukraynanın Əməkdar həkimi, professor İlya Emetsin başçılıq etdiyi heyət Naxçıvanda olub.

Səfər çərçivəsində naxçıvanlı kardioloq, cərrah və tibb mütəxəssisləri ilə Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzində elmi-praktik görüş keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək Ukrayna ilə qarşılıqlı əlaqələrin hazırda bir sıra istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini bildirib. Nazir deyib ki, muxtar respublikada bu sahədə savadlı mütəxəssislərin yetişdirilməsi, ürək xəstəliklərindən əziyyət çəkən insanların başqa ölkələrə üz tutmadan öz vətənində müalicə olunmasında son illər uğurlu nəticələr qazanılıb. Belə ki, muxtar respublikada bu sahədə fəaliyyət göstərən həkimlər bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün mütəmadi olaraq paytaxt Bakı şəhərində və xarici ölkələrdə təcrübə keçirlər. Belə seminarlar həkimlər arasında təcrübə mübadiləsinin aparılması baxımından çox əhəmiyyətlidir.

Professor İlya Emets çıxışında bildirib ki, Azərbaycan ilə Ukrayna arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq, bütövlükdə, hər iki ölkə əhalisinin sağlamlığının qorunmasına xidmət edir. O, həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, bu sahədə təhsil alan tələbələrin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində keçirilən belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra İlya Emetsin başçılıq etdiyi heyət naxçıvanlı həmkarları ilə birlikdə 20-dən çox ürək xəstəsi olan uşağı müayinə edib. Yüksəkixtisaslı mütəxəssislər təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparıb və yerli mütəxəssisləri maraqlandıran sualları cavablandırıblar.

Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibbi Mərkəzinin direktoru Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi tələbələrinə mühazirə keçib. Professor gələcəyin həkim kadrlarına peşə fəaliyyətlərində elmi-tədqiqat işlərinin önəmindən, təcrübi dərslərin əhəmiyyətindən danışıb. O, yeni doğulan uşaqların üzərində aparılan açıq ürək cərrahiyyə metodları barədə ətraflı məlumat verib. Hamiləliyin 18-ci həftəsində ürək problemlərinin aradan qaldırılmasının mərkəzin əsas fəaliyyəti olduğunu önə çəkən qonaq, indiyədək 17 minə qədər əməliyyatın keçirildiyini vurğulayıb. Qeyd edilib ki, aorta klapanlarında çatışmazlıq və qüsurlar mərkəzdə müayinə və müalicə olunur. Professor, hətta bədənin heç bir yerində kəsik aparılmadan keçirilən əməliyyatlardan danışaraq ağciyər venasının ürəyə yox, diafraqma altına və qaraciyərə getməsi qüsurunun müayinə və müalicəsində istifadə etdikləri üsullar barədə tələbələrə məlumat verib.

İlya Emets tələbələrin suallarını cavablandırıb, gələcəyin həkimlərinə tövsiyələrini çatdırıb.
Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed