Şrift:
UEFA Millətlər Liqasının formatı ilə bağlı yeni qərar qəbul olunub
26.09.2019 [12:00] - İdman
UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında Millətlər Liqası turnirinin formatı ilə əlaqədar qərar qəbul olunub.

İkinci dəfə keçiriləcək yarış yenə 4 divizionda təşkil olunacaq. 2020-2021-ci il mövsümündən etibarən ilk üç – A, B, C liqalarının hər birində 16 komanda mübarizə aparacaq. Komandalar hər birində 4 yığmanın yer aldığı 4 qrupa bölünəcək. D liqasında isə ən zəif 7 komanda çıxış edəcək. Bu divizionda qrupların birində 4, digərində 3 komanda olacaq. Bu dəyişiklikliyə uyğun olaraq, futbol üzrə Azərbaycan milli komandası C liqasında çıxış edəcək.

UEFA Millətlər Liqasının 2020-2021-ci il mövsümünün təqvimi də açıqlanıb.

Püşkatma mərasimi 2020-ci il martın 3-də Amsterdamda təşkil olunacaq. Reqlamentə görə A liqasının qrup qalibləri final mərhələsində mübarizə aparacaq, sonuncuları isə B liqasına düşəcəklər. B liqasında da qrupların qalibləri A liqasına yüksələcəksə, sonuncu 4 komanda C liqasında mübarizəni davam etdirəcəklər. Azərbaycan millisinin də çıxış edəcəyi C liqasında qrup birinciləri B liqasına yüksəlmək hüququ qazanacaqlar. Sonuncu yer tutan 4 yığma pley-off mərhələsində D liqasına düşən 2 uğursuz komandanı müəyyənləşdirəcək. Bu iki komandanı D liqasında qrupların qalibləri əvəzləyəcəklər. Bu dəfə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqələr oynanılmayacaq.

A liqasında Portuqaliya (son qalib), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya və İslandiya komandaları yer alıblar. Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan və Rumıniya B liqasında mübarizə aparacaqlar. C liqasında Azərbaycanla yanaşı, Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Moldova və Qazaxıstan yarışacaqlar. D liqasında isə Cəbəllütarıq, Farer Adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta və San-Marino yer alıblar.

Birinci turun oyunları gələn il sentyabrın 3-5-də, növbəti turun qarşılaşmaları 6-8-də keçiriləcək. Üçüncü tur oktyabrın 8-10-nu, dördüncü tur isə 11-13-nü əhatə edəcək. Noyabrın 12-14-də beşinci, 15-17-də altıncı turun görüşləri keçiriləcək. Yarışın final mərhələsi 2021-ci il iyunun 2-6-da təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed