Şrift:
ADMİU-da “Abşeron. Bolqar rəssamlarının gözü ilə” adlı layihə keçirilir
27.09.2019 [09:27] - Gündəm, DAVAMın yazıları
24 sentyabr tarixində Xalq rəssamı Arif Əzizin təşəbbüsü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Abşeron. Bolqar rəssamlarının gözü ilə” adlı interaktiv layihənin açılışı olub. Tədbirdə ADMİU-nun Tədris işləri üzrə prorektoru professor Validə Məmmədova, Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektor professor Gülşən Əliyeva, layihənin rəhbəri, Rəssamlıq fakültəsinin dekanı sənətşünasıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Xalq rəssamı, professor Arif Əziz, ADMİU-nun professor-müəllim heyəti və tələbələri, həmçinin mətbuat nümayəndələri iştirak edib. Tədbirdən çıxış edən prorektorlar Validə Məmmədova və Gülşən Əliyeva Azərbaycan-Bolqarıstan mədəni əlaqələrindən, layihənin əhəmiyyətindən danışıblar. Daha sonra çıxış edən Sevil Kərimova kuratoru olduğu layihə haqqında ətraflı məlumat verib. Bildirilb ki, “Abşeron. Bolqar rəssamlarının gözü ilə” adlı beynəlxalq layihə 29 sentyabr tarixinə qədər davam edəcək. Xalq rəssamı Arif Əzizin təşəbbüsü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “ARİF AZİZ ART HOUSE” sənət evində baş tutacaq layihədə bir həftə ərzində Bolqarıstanın məhşur rəssamlar nəsli Panevlər özünəməxsus bədii tərzdə Abşeron və Xəzər mənzərələrini yaradacaqlar. Lahiyə çərçivəsidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri üçün Xristo Panevin ustad dərsi baş tutacaq.

Lahiyənin nəticələri 29 sentyabrda “ARİF AZİZ ART HOUSE” sənət evində yekun sərgidə nümayiş olunacaq. Panevlər nəslini təqdim edən dörd rəssam - müasir Bolqarıstan təsviri incəsənətinin inkişafını və nailiyyətlərini təmsil edir.

Xristo Panev – müasir Bolqar rəssamı, Beynəlxalq İnnovasiyalar Cəmiyyətinin fəxri üzvü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, çoxsaylı beynəlxalq sərgi və festivalların iştrakçısı və qalibidir. Rəssam 1942-ci ildə Xaskovo bölgəsinin Krepost kəndində anadan olmuşdur, Veliko Tırnovo şəhərinin Kirill və Mefodiy Universitetinin “Qrafika” fakültəsini bitirmişdir. Peşəkar fəaliyyətə 1970-ci illərdə başlayıb. Qrafika, kitab illüstrasiyası, rəngkarlıq, monumantal sənət sahələrində fəaliyyət göstərir. Rəssamın fərdi manerasını ekspressiya, zəngin rəng qamması, qədim ikona və freska sənətinə müraciət xarakterizə edir.
İvaneçka Paneva – romantik təsvir tərzi ilə fərqlənən rəssamdır. Onun sevimli mövzusu – mənzərələr və xusüsilə doğma şəhəri, Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovanın tarixi abidələridir. Rəsssam 1946-ci ildə qeyd olunan şəhərdə anadan olub, Kirill və Mefodiy Universitetinin məzunundur, beynəlxalq sərgi və festivalların iştrakçısıdır. 1998-ci ildə Şərqi Avropa İntellekti festivalının qalibi olmuşdur. 2019-cı ildə Dünya Rəssanlıq Akademiyası tərəfindən “İlin rəssamı” seçilmişdir.
Qabriel Panev yaradıcılığında abstrakt həllərə üstünlük verən müasir Bolqar rəssamıdır. Onun daha bir ilham mənbəyi xristian simvolikası və valideynlərinin bədii təcrübəsidir. Qabriel Panev 1970-ci ildə Veliko Tırnovada anadan olub. Kirill və Mefodiy Universitetinin məzunudur. Uzun müddət Avropanın və ABŞ-ın fərqli bədii emalatxanalarında təcrübə alan rəssam bir sıra beynəlxalq sərgi və festivalların iştrakçısı və təşəbbüskarıdır.

Petya Paneva 1973-cü ildə Bolqarıstanın Sopot şəhərində anadan olub. Abstrakt sənət və kollajlara üstünlük verir. Son illər Petya Paneva zərgarlik kolleksiyaları yaradır. Rəssamın daha bir fəaliyyət sahəsi kuratorluqdur. Petya Rusalka (Su pərisi), Gesha View Art Festival, Veliko Tırnova, Dıryanovo sənət simpoziumlarının koordinatorudur. 2013-ci ildə İstambul Qadın Sənət Festivalının qalibi olmuşdur.
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed