Şrift:
Azərbaycan kinosu günləri çərçivəsində Daşkənd Dövlət Mədəniyyət və Sənət Universitetində görüş keçirilib
28.09.2019 [10:25] - Gündəm, Mədəniyyət
Özbəkistanda keçirilən Azərbaycan kinosu günləri çərçivəsində Daşkənd Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru, professor İbrahim Yuldaşev ölkəmizdən gələn nümayəndə heyəti ilə görüşüb.

İbrahim Yuldaşev qonaqları salamlayaraq ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, ta qədimdən xalqlarımız, dövlətlərimiz arasında mədəni sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Rektor vurğulayıb ki, belə tədbirlərin keçirilməsi iki ölkə arasında mədəni-ədəbi sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə təkan verir.

Azərbaycanın Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi, Əməkdar mədəniyyət işçisi Almaz Sultanzadə Azərbaycan kinosu günlərinə böyük maraq olduğunu qeyd edib, Səmərqənd və Almalık şəhərlərində də olduqlarını, Azərbaycana və Azərbaycan filmlərinə tamaşaçıların böyük marağını vurğulayıb.

Azərbaycanın Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev hələ SSRİ dövründə Azərbaycan və Özbəkistan kinematoqrafçılarının əməkdaşlığından danışıb, Özbəkistanda çəkilən filmlərə Azərbaycan aktyorlarının dəvət edildiyini, hətta baş rollara çəkildiyini diqqətə çatdırıb.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov, rejissorlar Şamil Əliyev, Mirbala Səlimov və başqaları Daşkənddə Azərbaycan kino günlərinin keçirilməsini Özbəkistanın mədəni həyatında hadisə adlandırıblar.

Sonra onlar AMM-in universitetdə yaratdığı “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi”nə baxıblar.

Azərbaycan kinosu günləri Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi və AMM-in birgə təşkilatçılığı ilə keçirilib.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed