Şrift:
Heydər Əliyev Mərkəzində “Natiq” ritm qrupunun konserti olacaq
30.09.2019 [12:36] - Xəbərlər, Mədəniyyət
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun konserti keçiriləcək.

Qrup “Qaytağı”, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh” və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələr də ifa edəcək.

Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər qurmaq məqsədilə 2001-ci ildə “Natiq” ritm qrupu yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi fəaliyyət göstərməyə başlayıb.

2007-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adı ilə təltif olunub. 2011-ci ildə Koreya Respublikasında Dünya Ritm yarışmasında “Dünya Qran Prisi”ni qazanıb.

2012-ci ildə “Eurovision”, 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə “Formula 1”, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimlərində çıxış edib.

Qrup ABŞ, Almaniya, Avstriya, BƏƏ, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Koreya Respublikası, Mərakeş, Norveç, Polşa, Rusiya, Türkiyə, Tayvan və digər ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib.

Natiq Şirinov dünyanın bir çox məşhurları – Ruslana, Rihanna, Sami Yusuf, Stiven Siqal və s. ilə eyni səhnəni bölüşüb.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed