Şrift:
Qarabağ müharibəsi veteranlarına həsr olunan poeziya gecəsi keçirilib
03.10.2019 [09:55] - Gündəm, Mədəniyyət
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Qarabağ müharibəsi veteranlarına həsr olunan poeziya gecəsi keçirilib.

Gecənin əsas qəhrəmanları Qarabağ veteranı Sahil Məmmədov və ona şeir həsr edən israilli yeniyetmə oğlan Kostya Vararu olub.

Gecədə çıxış edən mərkəzin direktoru Anna İbrahimbəyova bu mədəniyyət ocağı haqqında ətraflı məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində atılan addımlar bizim üçün örnəkdir. Ölkə başçısı qazilərə böyük diqqətlə yanaşır. “İsrailli Kostyanın Qarabağ veteranına həsr etdiyi şeir iki xalq arasında dostluqdan xəbər verir”, - deyə Fuad Muradov vurğulayıb.

İsraildə fəaliyyət göstərən “Azİz” - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman diqqətə çatdırıb ki, ədiblərimiz dünyaya səpələnərək vətənimizi layiqincə təmsil edirlər. Onlardan biri olan Maqsud İbrahimbəyov da gördüyü hər bir işə sevgi ilə yanaşaraq gözəl əsərlər yaradıb.

Rəhbəri olduğu mərkəzin fəaliyyətindən söz açan Yeganə Salman ölkələrimiz arasında mədəni əlaqələrin qurulmasında böyük addımlar atıldığını da söyləyib.

Sonra səkkiz yaşlı Kostya Vararu Sahil Məmmədova həsr etdiyi şeirini oxuyub.

K.Vararu Sankt-Peterburqdan İsrailə köçən yeni repatriantdır. O, həkim olmaq arzusundadır. Kostya poeziya müsabiqəsində birinci yeri tutduqdan sonra Bakıya səfər etmək şansı qazanıb.

Şeir qiraəti bununla bitməyib. Bakı yəhudi məktəbinin şagirdləri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə şeirlər söyləyiblər. Gənc şair Leyla Rəhim uşaqlara həsr etdiyi şerindən bir parça səsləndirib.

Sonra İbrahim Babayev (tar) və Vüsal Aydəmirov (piano) “Qarabağ” kompozisiyasını təqdim ediblər.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed