Şrift:
“Qarabağ” səfərdə “Düdelanj”ı böyük hesabla məğlub edib
04.10.2019 [09:41] - Xəbərlər, İdman
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” oyunu başa çatıb.

Lüksemburqdakı “Jozi Bartel” stadionunda baş tutan görüş komandamızın inamlı qələbəsi ilə yekunlaşıb (1:4). İlk dəqiqələrdən oyuna hücumlarla başlayan “Qarabağ” matçın 11-ci dəqiqəsində Abdulla Zubirin sayəsində hesabı açıb. Matçın 30-cu dəqiqəsində Qara Qarayevin ötürməsindən sonra Miçel rəqibin qapısına başla dəqiq zərbə vurub. “Qarabağ”ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadionun üzərində qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirilib. Oyunda fasilə elan edilib. On beş dəqiqəlik fasilədən sonra oyun davam edib.

Qarşılaşmanın 37-ci dəqiqəsində rəqibin müdafiəçiləri qapıçı ilə təkbətək çıxan Miçelə qarşı qaydanı pozublar. Görüşün baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Riçard Almeyda fürsəti əldən verməyib. Komandalar fasiləyə “Qarabağ”ın 0:3 hesablı üstünlüyü ilə yollanıb.

Qarşılaşmanın ikinci hissəsində də rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaranıb. Matçın 62-ci dəqiqəsində rəqibin müdafiəçisi Michael Garos ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb. Oyunun 69-cu dəqiqəsində ağdamlılar rəqibi dördüncü dəfə meydanın mərkəzinə dəvət ediblər. Dani Kintana adını tabloya yazdırıb.

Oyunun başa çatmasına bir dəqiqə qalmış meydan sahibləri qollardan birinin əvəzin çıxıb. Antuan Bernye fərqlənib. Görüş 1:4 hesabı ilə başa çatıb.

Bu qələbədən sonra 3 xal qazanan “Qarabağ” mübarizə apardığı A qrupunda ikinci yerə yüksəlib. “Düdelanj” eyni xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının üçüncü turu oktyabrın 24-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed