Şrift:
GÖRKƏMLİ ARXEOLOQUN 70 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ TOPLUSU NƏŞR EDİLİB
07.10.2019 [09:27] - Gündəm, DAVAMın yazıları
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu “Azərbaycan arxeologiyasına dair tədqiqatlar. Qoşqar Qoşqarlının 70 illik yubileyinə həsr olunmuş məqalələr toplusu” (Bakı – 2019, “Elm və təhsil” nəşriyyatı) tədqiqiat əsərini nəşr edib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeoloji xidmət” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru arxeoloq Qoşqar Oruc oğlu Qoşqarlının 70 illik yubileyinə həsr olunmuş məqalələr toplusunun elmi redaktoru İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d. Nəcəf Müseyiblidir. Əsərdə son dövrlərdə Azərbaycan respublikası ərazisində aşkar edilmiş və müxtəlif tarixi dövrlərə aid arxeoloji abidələrdə aparılmış tədqiqatlar Azərbaycanın və Avropanın tannımış arxeoloqlarının məqalələri öz əksini tapmışdır.

Məqalələr toplusunda t.e.d. Nəcəf Müseyibli və t.ü.f.d. Təvəkkül Əliyevin həmmüəllifi olduqları ön məqalədə arxeoloq Qoşqar Qoşqarlının həyatı və elmi fəaliyyəti barədə geniş məlumat verilmişdir. Göstərilmişdir ki, Q.Qoşqarlı elmi fəaliyyətinin ilk illərindən Qafqaz Albaniyasının maddi mədəniyyətinin öyrənilməmiş sahələrindən biri — torevtika (qiymətli metallardan və tuncdan hazırlanmış avadanlıq) məmulatlarının tədqiqi ilə məşğul olmuşdur. Hələ aspirantura dövründən etibarən Q.Qoşqarlı görkəmli arxeoloq Cabbar Xəlilovun rəhbərliyi altında “Azərbaycanın arxeoloji abidələrinin külliyyatı” ekspedisiyasının tərkibində respublikanın Şimali-Şərq bölgəsində abidələrin qeydiyyatı işləri ilə məşğul olmuşdur. Beş illik (1976-1980) bu gərgin fəaliyyətin nəticəsi olaraq Q.Qoşqarlının aktiv iştirakı ilə hazrlanmış ensiklopedik kitab onun həmmüəllifliyi ilə 1991-ci ildə çap olunmuşdur.

Q.Qoşqarlı 1981-1985-ci illərdə AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsində elmi katib vəzifəsində işləmişdir. 1986-cı ildə yenidən Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektoruna böyük elmi işçi vəzifəsinə qayıdan Q.Qoşqarlıya Talış-Muğan arxeoloji ekspedisiyasının rəisi vəzifəsi tapşırılmışdır. Q.Qoşqarlının rəhbərlik etdiyi ekspedisiya 1986-1992-ci illərdə Muğan və Lənkəran, Astara bölgələrində əvvəllər elmə məlum olmayan tunc, ilk dəmir, antik və orta əsrlər dövrlərinə aid yüzlərlə tarixi-arxeoloji abidələr aşkar etmişdir. 1988-1996-cı illərdə Q.Qoşqarlı YUNESCO-nun “Böyük İpək Yolu” beynəlxalq proqramında Azərbaycan elmini təmsil etmiş və ölkəmizdə ilk dəfə olaraq qədimdə və orta əsrlərdə Böyük İpək Yolu sistemində Azərbaycanın rolu problemini işləməyə başlamışdır.

Q.Qoşqarlı 2003-2009-cu illərdə Ali Attestasiya Komissiyasında tarix elmləri üzrə ekspert şurasının katibi vəzifəsində çalışmışdır. “Arxeoloji xidmət” şöbəsinin müdiri olaraq Q.Qoşqarlı 2001-2005-ci və 2013-2019-cu illərdə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərlərinin tikintisi ilə əlaqədar arxeoloji tədqiqatlar layihəsinə rəhbərlik etmişdir. Bu layihə çərçivəsində müxtəlif dövrlərə aid onlarla yaşayış yeri və nekropolllar aşkar edilərək tədqiq edilib. Onun bu elmi araşdırmaları 2012-ci ildə nəşr etdirdiyi “Azərbaycan əraizisindəki antik dövr qəbir abidələrinin tipologiyası” adlı fundamental monoqrafiyada öz əksini tapmışdır.

Q.Qoşqarlı Azərbaycan Arxeologiya elmini beynəlxalq səviyyədə layiqincə təmsil edir. O, Türkiyə, İtaliya, Rusiya, Almaniya, İngiltərə və s. ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycan arxeologiyasının aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış etmişdir. Q.Qoşqarlı respublikamızda və xaricdə nəşr olunmuş 100-dən artıq elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. O, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nəşr olunmuş “Azərbaycan ensiklopediyası. Əsas cild”nin və “Azərbaycanın Milli Atlası”nın müəlliflərindəndir.

Elmi kadrların, gənc alimlərin yetişməsində Q.Qoşqarlının mühüm xidmətləri vardır. Q.Qoşqarlınını rəhbərliyi ilə dörd nəfər gənc alim fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişlər.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed