Şrift:
Adil Qeybulla: “Elektron siqaretlər adi siqaretlərdən daha təhlükəlidir”
07.10.2019 [10:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Türkiyədə bir çox qapalı məkanlarda siqaretlə bağlı qəbul olunan qadağalardan sonra elektron siqaretlərin də qadağan olması məsələsi müzakirə olunur. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə elektron siqaretlərin satışına və idxalına qadağa qoyulması ilə bağlı Türkiyə Böyük Millət Məclisində müzakirələrin başladığını bildirib.

Aparılan araşdırmalara nəticəsində məlum olub ki, elektron siqaretlər normal siqaretlərlə müqayisədə heç də zərərsiz deyil. Hətta bəzən normal siqaretlərdən daha təhlükəli ola bilər.

Keçdiyimiz günlərdə ABŞ-da elektron siqaretlərdən istifadə edən şəxsin ölməsi ilə bağlı mətbuatda xəbər yer alıb. Bu da onunla əlaqədardır ki, elektron siqaretlərin tərkibində müəyyən qədər də olsa, nikotin var. Bundan əlavə, elektron siqaretin tərkibində istifadəsi qadağan olunmuş bir çox maddələr mövcuddur. Bu maddələr ağciyərdə, tənəffüs yollarında ciddi xəstəliklərə səbəb ola bilər.
Dünyanın bir çox ölkələrində tütün məmulatları ilə bağlı qaydalar müəyyənləşib. Bununla bağlı qəbul edilən qanunlarda elektron siqaretlərlə bağlı məsələ də yer alıb.

Argentina, Braziliya, Meksika, Uruqvay, Yaponiya, Tailand, Türkiyə, Avstraliya, Norveç, İran, Misir, Səudiyyə Ərəbistanı və bir çox başqa ölkələrdə istifadəsi qanuni olsa da, tərkibində nikotin olan bütün məmulatların satışı qadağandır. Bəs bununla bağlı Azərbaycanda vəziyyət necədir? Milli Məclisdə ötən illərdə siqaretin qadağan olunması ilə bağlı məsələ müzakirə olunub və müəyyən qarar qəbul edilib. Qbul olunan qərarlar elektron siqaretə də şamil olunurmu?

Bununla bağlı “Yeni Müsavat”a açıqlama verən deputat Fərəc Quliyev bildirdi ki, Azərbaycan qanunverciliyində bır sıra qadağalar əksini tapıb: “Bizdə tütün məmulatları ilə bağlı qanunlar var və onlara da dəyişikliklər oldu. İctimai yerlərdə tütün məmulatlarının istifadəsi ilə bağlı nəzərdə tutulan qanunlar var və bu qanunlarda elektron siqaretlərlə bağlı məsələ də yer alıb. Bu qanunun çox önəmli bir məsələ olduğunu hesab edirəm. Çünki siqaretdən istifadə edən şəxs ətrafındakı şəxslərə daha çox zərər vurur. Buna görə də çalışmaq lazımdır ki, tərkibində nikotin olan bütün məmulatların istifadəsini minimuma endirək. Bu cəmiyyətin müdafiəsi üçün çox normal yanaşmadır. Onu da qeyd edim ki, qanunvericilikdə tütün vasitələrindən istifadə ilə bağlı tam qadağa yoxdur. Müəyyən olunmuş yerlər var ki, siqaret çəkmək istəyən orada çəkə bilər”.

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a açıqlama verdi: “Elektron siqaretlərin tətbiqi 10 ildən çoxdur ki, var. Elə Azərbaycanın özündə ildən-ilə elektron siqaret istifadəçilərinin sayı artmaqdadır. Dünya praktikasında belə bir nüans var ki, yeni texnologiya, qida maddəsi ortaya çıxanda bir müddətdən sonra onun əlavə təsirləri öyrənilir, bununla bağlı müşahidələr aparılır. Çox təəssüf ki, bu elektron siqaretin istifadəçilərinin sayı həddən artıqdır. Elektron siqaretlərin tərkibində kifayət qədər kanserogen maddələr var. Bu cür tütün məmulatlarında polisiklik aromatik karbohidratlar əmələ gəlir ki, bunlar da gələcəkdə insanlarda xərçəng yaranması riskini artırır”. Mütəxəssis elektron siqaretlərin insanlarda siqaretdən asılılığın azaldılması üçün nəzərdə tutulduğunu bildirsə də, onun daha da böyük fəsadlara, hətta ölümə də yol açdığını qeyd etdi: “Guya ki, elektron siqaretlər siqaretin imitasiyası kimi yaradılmışdı, insanların siqaretə olan aludəçiliyini azaldacaqdı. Lakin indi araşdırmalar göstərir ki, elektron siqaretlərin tərkibindəki maddələr siqaretdənkindən geri qalmır. Hətta təsdiq olunub ki, bunlar daha zərərlidir. Bu baxımdan genefondun sağlamlığını nəzərə alaraq, satışına, istehsalına qadağalar qoyulub. Bu qadağalar əsasən, Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığı əsasında qəbul edilir. Bu təşkilat ayrı-ayrı ölkələrdə bu cür halları izləyir, topladığı materiallardan nəticə çıxararaq qərar qəbul edir. Bütün dünyada da qəbul olunan bu qərara əməl olunması vacibdir. Çox təəssüf ki, bu gün elektron siqaretlər insan ölümlərinə yol açıb”.

Məleykə AĞASOY
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed