Şrift:
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
09.10.2019 [10:09] - Gündəm, Hərb
Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Petrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişaf etməsində dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimad əsasında aparıldığını, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatların cinayət hadisələrinin sayının azalmasına səbəb olduğunu diqqətə çatdıran Müdafiə naziri Respublika Hərbi Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərin əhəmiyyətini də qeyd edib.
Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror V.Petrov da ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə əsaslandığını, hər iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.
Tərəflər qeyd ediblər ki, hər iki ölkənin hərbi hüquqşünaslarının səyləri cinayətkarlıqla mübarizənin gücləndirilməsi, qoşunlarda hüquq qaydalarının təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, korrupsiya hallarının istənilən formalarının istisna edilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının və qanuni maraqlarının müdafiə edilməsinə yönəldilib.
Tərəflər həmçinin bu səfərin səmərəli və faydalı, gələcək əlaqələrin isə daimi və sıx olacağına ümidvar olduqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed