Şrift:
İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında əsasnamə təsdiq edildi
04.09.2012 [20:54] - Bildiriş, Hüquq
Azərbaycan Prezidenti İlham Əliyev "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası idarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçılarında qovşaqların texniki vasitələrlə təmin edilməsinə dair tələbatı, elektron imza veriləcək iştirakçıların rəhbərləri və müavinləri, habelə elektron sənəd dövriyyəsini bilavasitə həyata keçirəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək müvafiq tədbirlər görməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə idarələrarası elektron sənəd dövriyyəsi sistemi iştirakçılarının qovşaqlarının texniki vasitələrlə təmin edilməsi üçün zəruri olan maliyyə vəsaitinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciəti əsasında on beş gün müddətində Xidmətə ayrılmasını təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti isə bu Fərmanla təsdiq edilmiş "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin 1.3.1-ci, 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş iştirakçılarda 2013-cü il iyulun 1-dək, 1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş iştirakçılarda isə 2014-cü il yanvarın 1-dək qovşaqların texniki vasitələrlə təmin edilməsini başa çatdırmalı və bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verməlidir.
Bu Fərmanla təsdiq edilmiş "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin 1.3.1-ci yarımbəndində nəzərdə tutulmuş iştirakçılar 2013-cü il iyulun 1-dən, 1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş iştirakçılar 2014-cü il yanvarın 1-dən idarələrarası elektron sənəd dövriyyəsinə başlanmasını təmin etməlidir.
Bu Fərmanla təsdiq edilmiş "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş iştirakçılara 2013-cü il iyulun 1-dən idarələrarası elektron sənəd dövriyyəsinə başlanmasını təmin etmək tövsiyə edilir.
Bu xəbər oxucular tərəfindən 1512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed