Şrift:
Rusiyadakı Azərbaycan diasporu ilkə imza atdı- birləşmə istiqamətində mühüm gəlişmə
19.10.2019 [12:07] - Gündəm, Diaspor
Rusiyada səfərdə olan Qarabağ Azadlığı Təşkilatının (QAT) rəhbərliyi Moskvada, Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) təşkilatçılığı ilə keçirilən tədbirə qatıldı. Azərbaycanın Müstəsillik gününə və AzerRos-un yaradılmasının 20 illik yubileyinə həsr olunmuş mərasim "Delta" otelində keçirildi.

Mərasimdə AzerRos-un Rusiya Federasiyasında fəaliyyət göstərən regional bölmələrinin rəhbərləri ilə yanaşı, digər qonaqlar, o cümlədən Rusiya rəsmiləri də iştirak edirdi.

Ən çox diqqət çəkən məsələ Rusiyada böyük nüfuza malik olan ziyalı, akademik Fazil Qurbanovun mərasimə qatılması idi. Məsələ burasındadır ki, zaman-zaman AzerRos rəhbərliyi ilə artıq qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycanlıları Konqresi arasında soyuq münasibətlər hökm sürüb. Lakin F.Qurbanov bu təşkilatın bərpası istiqamətində çalışmaqla yanaşı, azərbaycanlı diaspor təşkilatların da əməkdaşlıq etməsi, narazılıqların aradan qaldırılması istiqamətində addımlar atıb, son nəticədə AzerRos rəhbərliyinin dəvətini qəbul edərək yubiley tədbirinə qatılmışdı.

Tədbirin aparıcısı, diasporun fəal üzvü Vidadi Abbasov iştirakçıları hər iki əlamətdar gün münasibətilə təbrik etdikdən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsi sükutla yad edildi.

AzerRos-un sədri Mehriban Sadıqova çıxışında əvvəlcə iştirakçıları salamladı və Müstəqillik günü və qurumun 20 illik yubileyi ilə bağlı təbriklərini çatdırdı. Dedi ki, burada rəhbərlik etdiyi təşkilatın regional bölmələrinin əksər rəhbər şəxsləri iştirak edir. Eyni zamanda Ural, Krım və digər vilayətlərdən də iştirakçılar gəlmək istəyirdi. Lakin iş günü olduquğundan bu, mümkün olmadı, amma onların da ürəyi burdadır. M.Sadıqova zaldakı nüfuzlu qonaqlara işarə edərək “bugünki tədbir əməkdaşlıq, dostluq və qarşılıqlı anlaşma tədbiri olacaq”, söylədi.

Vidadi Abbasov Müstəqillik günündən ayrıca bəhs etdi və dedi ki, bu gün bizim üçün çox vacib gündür. Bildirdi ki, Rusiyadakı nüfuzlu ziyalı, akademik Fazil Qurbanov bizim dəvəti qəbl etdi və tədbirə qatıldı. Ardınca ilk olaraq çıxış üçün söz verilən akademik Fazil Qurbanov bayram və yubiley münasibətilə təbriklərini, xoş arzularını çatdırdıqdan sonra Azərbaycanın ən böyük problemindən bəhs etdi: “İşğal nəticəsində Azərbaycanda 1 milyon insan qaçqın və köçkün düşüb”, deyən akademik işğalın davam etməsindən narahatlığını ifadə etdi. Sovetlərin dağılmasından sonra azərbaycanlıların bir hissəsinin kütləvi şəkildə digər ölkələrə deyil, məhz Rusiyaya gəlməsini, burada iş qurmalarını xüsusi vurğulayan natiq qeyd etdi. Dedi ki, xalqın seçimi məhsuldar oldu. F.Qurbanov iki qonşu ölkənin prezidentləri İlham Əliyev və Vladimir Putinin dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində önəmli rol oynadıqlarını vurğuladı, onların danılmaz xidmətlərindən bəhs etdi. Əlavə etdi ki, iki ölkə arasındakı dostluq əlaqələrinin necə yüksəlişə qədəm qoymasını sonuncu Soçi görüşü də təsdiqlədi.

Akademik daha sonra dövlətlərarası əlaqələrə öz töhfələrini verə biləcək diaspor təşkilatlarının mövcud vəziyyətindən bəhs etdi. Bu zaman o, konsolidasiyanın vacibliyindən danışdı və iştirakçıların böyük marağını səbəb olan ideyalar səsləndirdi: “Biz bir yerdə olsaq, öz problemlərimizi həll edə bilərik. Elə isə niyə bizi birləşdirən mexanizmlər haqda düşünmürük? Bir təşkilat digərini qapatmağa, yaxud onun ətrafında birləşməyə çağırır. Biz bütün təşkilatları konfederativ əsaslarla birləşməyə çağırırıq! Bu, həm də informasiya mübadiləsi üçün gözəl addım olar. Bu təşkilatı Rusiya Azərbaycanlılarının Liqası da adlandırmaq olar. Azərbaycanın diaspora təşkilatlarının konfederasiyası kimi fəaliyyət çox uğurlu nəticələr verərdi.

Koordinasiya mərkəzi yaratmaq faydalı olar. Kəsəsi, bir yerdə olmaq, koordinasiyalı şəkildə fəaliyyət göstərmək lazımdır! O halda bizdə hər şey alınacaq!”

V.Abbasov dedi ki, bu tezislər kifayət qədər maraqlıdır: “Yəqin ki, AzerRos rəhbərliyi bu tezislərlə bağlı fikrini bildirəcək”. Daha sonra o, “Allah heç bir evi ağsaqqalsız etməsin!” deyərək zaldakı iştirakçılar arasında əyləşmək istəyən Fazil Qurbanovu sədarətə dəvət etdi.

Moskva Vilayəti Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov bayram təbriklərini söylədikdən və AzerRos-u təbrik edəndən sonra Azərbaycanın əsas problemindən - Qarabağın işğalda qalmasından danışdı. Ardınca digər vacib məsələnin həlli zərurətindən bəhs etdi: “Milyonlarla azərbaycanlının yaşadığı Moskvada Azərbaycanın mədəniyyət mərkəzi yoxdur, bu, bizim üçün yaxşı hal deyil. Bu məsələ kiminsə diqqətini çəkirsə, kimsə onun həllini vacib sayırsa, xahiş edirəm tədbirdən sonra mənə yaxınlaşsın”.

V.Abbasov dedi ki, Azərbaycan mədəniyyət mərkəzinin olmaması bizim oliqarxlar, diaspor təşkilatları, milyonlarla soydaşımız üçün də utancverici məsələdir.

F.Qurbanov bu haqda fikirlərini bölüşərkən bildiri ki, həqiqətən də bu, çox vacib məsələdir: “Mən UAK-a gələndə əsas fikrim bu idi ki, torpaq sahəsi alıb mərkəz tikdirim. Bu, bizim azərbaycanlıların mədəniyyət mərkəzi olacaqdı. Təəssüf ki, məlum məsələlər baş verdi və bu iş alınmadı. Amma hesab edirəm ki, azərbaycanlı iş adamları bu barədə ciddi düşünməlidirlər. Mehmanxanası, konfrans zalı olan mərkəz tikmək lazımdır”.

Diaspor faəlı Roman Ağayev də diasporanın fəaliyyətinə tənqidi yanaşdı. “Biz sözdən işə keçə bilmirik. Vaxtilə iki təşkilat bir-birinə dəstək verə bilmədi”, deyə iradlarını bildirdi. O, F.Qurbanovun tövsiyyəsinə və birləşmə ideyasına dəstək verdi. Bildirdi ki, səslənən təklif ən ideal təklifdi: “Kalininqad, Perm, Rostov, Uralda 25-30 ildir çalışan azərbaycanlılar var, onların birgə fəaliyyəti çox gözəl nəticələr verə bilər. Hörmətli akademikin təklifləri kifayət qəsdər konstruktivdir. Bəzi bölgələrdə azərbaycan icması monolit fəaliyyət göstərir. “Mənim nəyimə lazımdır”- yanaşması bizi irəli getməyə qoymayacaq”.
Aparıcı bir daha qeyd etdi ki, Fazil müəllimin təklifi çox yaxşı təklifdir, ancaq bu məsələ geniş müzakirə olunmalıdr.
Moskvadakı ziyalılarımızdan biri Cəfər Abbasov diasporumuzdakı çəkişmələri, parçalanmaları xatırladaraq dedi ki, biz artıq şokterepiyanı görmüşük. “Mən xahiş edirəm, şəxsi ambisiyaları, ailə məsələlərini kənara qoyaq. Biz nəhayət, hamını bezdirən ümumi sözlərdən işə keçmək istəyriksə, onda bu gün koordinasiya mərkəzi yaratmalıyıq!”-deyərək o da birləşmə zərurətindən danışdı. AzərRos-u təbrik edən natiq bildirdi ki, 20 il bir təşkilat ömrü üçün az vaxt deyil. Addımlar atmalıyıq, iş görməliyik ki, kənardan elə görünməsin ki, azərbaycanlılar sözdə milyonlarladır. Biz Rusiyada yaşayırıq və bu dövlətin qanunlarına tabe olmalıyır. Ancaq biz həm də azərbaycanlıyıq və Azərbaycanın problemlərini qəlbimizdə daşıyırıq. Gəlin hamılıqla bu gündən təhqirlərə moratorium qoyaq!”

Yaroslavl vilayətindən gəlmiş diaspora təşkilatının rəhbəri Asman Hüseynov də birliyə çağırış etdi. Dedi ki, Azərbaycan bayrağı qarşısında and içmək, konkret işlərlə bağlı addımlar atmaq lazımdır: “Mən sizdən xahiş edirəm və yalvarıram! Bu gün bizim iki vətənimiz var, unutmayaq və məsuliyyətimizi anlayaq! Bu gün hərə bir bir Çin istehsalı olan telefon alıb, sosial şəbəkələrdə səhifə açıb, adını bloger qoyub, insanların əleyhinə fəaliyyət göstərir”. A.Hüseynov da təhqirlərə moratorum qoymağa çağırdı.

Tədbirin gedişində aparıcının Rusiyadan deportasiya edilmiş jurnalist Fuad Abbasov haqqında sərt ifadələr işlətməsi bəzi iştirakçıların etirazına səbəb oldu və müəyyən qədər gərginlik yarandı. Lakin ardınca müzakirələr məcrasına düşdü.
Korolyov şəhərindəki Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Şamil Vəliyev də birliyə çağırış etdi. O diaspora təşkilatlarını Rusiya və Azərbaycan dövlətlərinin maraqlarına uyğun uzlaşdırmağı zəruri saydı. “Biz burda bir söz deyriik, başqa yerdə digər mövqelər səslənir. Biz azərbaycanlılar bir-birimizə dəstək verməliyik. Düzdür, mənim pulum yoxdur, amma bura ona görə gəlmişəm ki, bir-birimizlə danışaq, fikir mübadiləsi edək, çıxış yollarını tapaq. AzerRos bütün Rusiya deməkdir. Biz bir yerdə olsaq, görün necə böyük işlər görə bilərik”. O da akademik Fazil Qurbanovun konsolidasiya təşəbbüsünü dəstəklədi: “Gəlin biz mübahisələrə, qarşıdurmalara son qoyaq və bir yerdə olaq!”

Aparici isə öz növbəsində qeyd etdi ki, bəziləri azərbaycanlıların təhqir olunması üçün bəzi kanallara sifarişlər verirlər. Həmin kanalları izləyənlərisə azı 70 faizi qeyri-azərbaycanlılardır. “Mən dünyadan köçəndən sonra nəvəm rusca həmin verilişlərə baxsa, deyəcək gör mənim babam necə adam olub”.

AzerRos-un Vladimir şəhəri üzrə rəhbəri Nəsrəddin Əhmədov çıxışında dedi ki, burdakı insanları görəndə ürəyi açılır. Ancaq o, diasporumuzdakı çatışmaqlıqlardan da bəhs etdi: “Xalqın bəzi nümayəndləri bizdən tələb edir ki, onların problemləri ilə biz birbaşa məşğul olaq. Hətta az qalır desin mən cinayət törədim, sən məni qoru! Bunun əsas səbəbi budur ki, savadlılıq dərəcəsi aşağıdır, milli özünüdərk yox səviyyəsindədir. Biz elitanın, irəlidə gedən alimlərimizin, ziyalıların imkanların istifadə etməliyik. Bizim əsas vəzifəmiz Azərbaycan dilini, mədəniyyətini tanıtmalı, buradakı soydaşlarımızın yerli vəziyyətə uyğunlaşmasını təmin etməli, yaşadığımız yerin ictimai və siyasi fəaliyyətində yaxından iştirak etməliyik. Bütün bunları soydaşlarımıza izah etməliyik. Hamıya izah etməlyik ki. ictimai təşkilat dövlət və şəxsi təşkilat deyil. Azərbayacvnın siyasi məsələlərini həll etmək üçün Azərbaycan prezidenti, XİN və səfirlik var. Biz isə sadəcə bu məsələlərə münaisbət bildirə bilərik”.

N.Əhmədov yeni bir qurumun yaradılması ideyasına fərqli yanaşdı: “Bəli, Rusiya çox böyük ölkədir. Ancaq ikinci Azərbaycan təşkilatının yaradılması üçün bu ərazi çox dardır. Bizim təşkilat var-AzerRos. Ona görə də mən yeni təşkilatla bağlı təşəbbüsün qəti əleyhinəyəm! Biz yaradılmış təşkilatın ətarfında sıx birləşsək, böyük işlər görə bilərik. Lazım gələrsə, qurultay çağıra bilərik, rəhbərliyə deyərik vəzifənizin öhdəsindən gələ bilmirsiniz, gedin, başqası gəlsin! Biz dövlət, xalq naminə vahid lider ətrafında birləşməliyik”.

Aparıcı da əlavəsini edərək dedi ki, bütün təşkilatlaırın bir federal təşkilatı olduğu halda, azərbaycanlıların niyə iki təşkilatı olmalıdır: “Məgər siz çinlisiniz, hindistanlısınlızmı?”

Diaspor fəalı Azər Səfərov da qəti şəkildə yeni bir təşkilatın yaradılmasının əleyhinə olduğunu bildirdi: “Artıq bizim federal təşkilat-AzerRos var. Qoy hamı buraya gəlsin!”

A.Səfərov diqqəti digər mühüm problemə, azərbaycanlı uşaqların ana dilində təhsil ala bilməməsi səbəbindən dilimizi unutmasına, tariximizdən bixəbər qalmalarına yönəltdi: “Bizim gənclər, uşaqlar assimlyasiya olunur. Onlar məktəbə gedirlər, yaxşı təhsil alırlar, amma Azərbaycan tarixi və dili haqqında heç nə bilmirlər. Azərbaycan dili Dağıstan xaric, Rusiyada heç bir ərazidə təhsil sisteminə daxil edilmir. Ana dili haqqında qanun, ana dilinin inkişafı barədə prezident fərmanı var. Lazımdır ki, bizim məktəblərdə ana dilində dərslər keçirilsin. Heç olmasa azərbaycanlıların kompakt yaşadığı ərazilərdə Azərbaycan dilinin tədrisinə nail olmaq lazımdır!”

Çıxış üçün söz QAT sədri Akif Nağıya verildi. Təşkilat rəhbəri milli bayramımız və təşkilatın yubileyi münasibətilə təbriklərini çatdırandan sonra bildirdi ki, çıxışlarda Qarabağ məsələsindən geniş bəhs olunmaması onu narahat etdi. Ardınca o, Qarabağla bağlı fəaliyyətindən, indiyədək görülən işlərdən, xarici ölkələrdə keçirilən tədbirlərdən bəhs etdi. “Hamımız bir yerdə problemlərin həlli üçün irəli getməyi bacarmalıyıq”- deyə, QAT sədri bildirdi. A.Nağı Kaluqa və Sankt-Peterburqdakı görüşlərindən gəldiyi qənaəti bölüşərkən nikbinliyini ifadə etfdi: “Rusiyanın özündə diaspor təşkilatlarının formalaşdırılması istiqamətində müsbət istiqamətdə gedir. Təşkilatlanmaya görə irəliyə adım atlılılb. Həm də sağlam, insanları öz ətarfında birləşdirməyi bacara, özünə güvənən liderlər ortaya çıxıb. Mən istəyirəm ki, özünüzə inanasınız, çox da bədgüman olmayasınız. Harada yaşamasından asılı olmayarq, hər bir azərbaycanlı özünü ilk növbədə azərbaycanlı olaraq dərk etməlidir. Rusiya dövləti də hər bir azərbaycanlıdan onun qanunlarına tabe olduğuna görə razı qalmalıdır”.

A.Nağı diaspor fəallarını Qarabağın azadlığı ideyası ətrafında birləşməyə səslədi: “Qarabağın azadlığı ideyası bütün dünyadakı azərbaycanlıların vahid milli ideyası olmalıdır. Bizim diaspor təşkilatlarımız aydın şəkildə bu məsələni təbliğ etməlidirlər. Bu, siyasət deyil. Unutmayaq, nə qədər ki, o torpaqlar azad olunmayıb, başımızı dik tutmağa ixtiyarımız yoxdur! Heç nədən çəkinmədən bu məsələ hər yerdə qoyulmalıdır. Bu ölkədəki diaspor təşkilatlarından xahişimiz budur ki, Rusiyada Qarabağla bağlı düzgün, müsbət ictimai rəy formalaşdırılması istiqamətində davamlı olaraq səy göstərsinlər! Hər yerdə demək lazımdır ki, azərbaycanlıları Qarabağ məsələsindən başqa heç nə narahat etmir”. QAT sədri bildirdi ki, o da konsolidasiya təşəbbüsünü alqışlayır. A.Nağı bəzi ölkələrdə koordinasiya şurası deyilən qeyri-rəsmi qurumun yaradıldığını vurğuladı: “Bəli, azərbaycanlıların bir təşkilatı olmalıdır. Amma heç kəsə təşkilat yaratmağı qadağan etmək olmaz. Sadəcə məsləhətləşmələr üçün bir koordinasiya mərkəzi yaradıla bilər”.

Permdən gəlmiş ehrtiyatda olan polkovnik-leytenant Çingiz İsayev də daxildəki nifaq toxumlarından bəhs edərək dedi ki, bu gün hər kəs general olmaq istəyir: “Amma bu gün mən utanıram. Alimlər, professorlar qalıb bir kənarda, amma pomidor satan deyir “burda mənəm”. Biz ziyalımızı endiririk, amma səviyyəsi olmayanı qaldırırıq. Bədnam qonşularımız serjantı general səviyyəsinə qaldırır, amma biz generalı aşağı çəkirik. Biz nə vaxta qədər bir olmayacağıqsa, irəli getməyəcəyik. Burda hamı normal insanlardır. Elə addım ataq ki, hər şey yaxşı olsun. Paytaxtda yaxşı vəziyyət yaranmasa, regonda durum bundan da pis olacaq”. Natiq çıxışını “arzu edək ki, gələn il Dağlıq Qarabağda, Şuşa, Xankəndində yığışaq”, deyə bitirdi.
Arxangelskdən gəlmiş diaspor rəhbəri Tərlan Qasımov da parçalanmanın uğura aparmayacağını bəyan etdi: “Bir xalqın nə boyda düşməni olmalıdır ki, o, birləşsin? Heç kim məndən inciməsin, bizdə milli şüur problemi var. Bizim xalqın 5 faizi diaspor işi ilə məşğuldur, ancaq 95 faiz bu prosesdə iştirak etmir. Buna görə də biz Dərbənddən Zəngəzura qədər itirmişik. Arzu edirəm keçmişdə itirilən torpaqlarımız, Qarabağla birgə geri qaytaraq”.

Samara vilayətindən Şirvan Kərimov Müstəqillik gününün əzəmətindən bəhs etdi: “Bu gün bizim böyük bayramımızdır. Dünyada 6 minə qədər dil, 200-ə qədər dövlət var. Biz xoşbəxt xalqlardanıq ki, dövlətimiz var”. Eyni zamanda o, diaspor quruculuğundan danışdı: “Biz diaspor təşkilatı kimi ideya axtarırıqsa, ilk öncə dilimizi, mədəniyyətimizi qorumalıyıq. Bizə başqa ideya lazım deyil. Çünki istənilən siyasiləşmiş ideya diaspor təşkilatını sıradan çıxarır”.

Akademik Fazil Qurbanovun mədəniyyət mərkəzi tikməsi bardədə təşəbbüsünə toxunan natiq vaxtilə bu istiqamətdə təşəbbüs göstərildiyini misallarla xatırlatdı. Bildirdi ki, bir vaxtlar 70 min dollara alınan ərazidə mərkəz tikildikdən sonra bəziləri onu yarım milyona satıblar. Ona görə də bu məsələ ilə diaspor üzvləri məşğul olmamalıdır: “Ya Rusiyadakı oliqarxlarımız yığışıb mədəniyyət mərkəzini tikməlidir, ya da Azərbaycan dövləti bu işə nəzarət etməlidir. Yoxsa ortaya problemlər çıxacaq”.

Rusiyada böyük nüfuz sahibi olan ziyalıarımızdan biri, professor Kamran Rüstəmov akademik F.Qurbanovun fikirlərinə istinadə edərək dedi ki, söhbət ikinci təşkilatın yardılmasından getmir: “Sadəcə vahid informasiya sisteminin yaradılmasından, əməkdaşlıqdan gedir. Zatulin Dağlı Qarabağa gedəndə biz 62 imza toplayıb Dövlət Dumasına göndərdik etiraz olaraq”. Professor Müstəqillik günü ilə bağlı təbiklərini də bölüşdü: “18 oktyabr Azərbaycan xalqı üçün çox gözəl, əlaətdar bir gündür. Yaxşı ki, həmin gün Müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu”. Həmçinin o, yubileyini qeyd edəmn AzerRos rəhbərliyini təbrik etdi. “Çətinliklər olacaq, amma biz bir yerdə olmalıyıq, başqa çıxış yolumuz yoxdur”.
A.Nağının çağırışına toxunan K.Rüstəmov ona dəstək verdi: “Dostlar, əgər bizi Qarabağ birləşdirmirsə, onda bizi heç nə birləşdirməyəcək! Paşinyan bir az əvvəl bəyan etdi ki, bütün dünya erməniləri Ermənistan vətəndaşları olmalıdır”.

Tədbir gün ərzində digər çıxışlarla, insidentsiz davam etdi. Sevindirici hal bu idi ki, son illərdə ilk dəfə olaraq fərqli düşüncəyə malik, fərqli təşkilatlarda fəaliyyət göstərən diaspor üzvləri, Rusiya azərbaycanlıları bir mərasimə qatılaraq geniş şəkildə diskussiyalar apardılar, ziyafətdən sonra xoş ovqatla ayrıldılar. Bu vəziyyət həm təşkilatçıları, həm də dəvətliləri məmnun etmişdi. Ümid edək ki, deyildiyi kimi, həqarətlərə moratorium qoyulacaq və bundan sonra qeyri-rəsmi məlumatlara istinad etsək, Rusiyada yaşayan 4 milyonadək azərbaycanlının ümid yeri olan diaspor təşkilatlarımız milli maraqların müdafiəsi, Rusiya-Azərbaycan əlaqələrinin inkişafı, həmçinin Qarabağ məsələsinin həlli üçün önəmli rol oynayacaqlar.

Yeri gəlmişkən, tədbirdə Rusiyanın rəsmi qurumlarının təmsilçiləri də müşahidəçi qismində iştirak edirdilər. Azərbaycanlıların birliyi onlara da müəyyən dərəcədə mesaj idi...

Elşad Paşasoy, Musavat.com,
Moskva
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed