Şrift:
Bahar Muradova: Azərbaycanın bütün uğurları bizi Qağlıq Qarabağ məsələsinin həllinə addım-addım yaxınlaşdırır
05.09.2012 [11:56] - Gündəm
Bütün uğurlarımız bizi həlli mühüm və vacib olan Qağlıq Qarabağ məsələsinin həllinə addım-addım yaxınlaşdırır. Bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
"Etiraf edilməlidir ki, Azərbaycan son illərdə bir-birinin ardınca beynəlxalq miqyasda dəyərləndirilən böyük uğurlara imza atır. BMT-nin qeyri-daimi üzvü seçilmiş Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə də ev sahibliyi edir. Dünya enerji və ərzaq təhlükəsizliyi, terrorla mübarizə məsələlərində öz tövsiyələrini verir. Azərbaycan ordusu, iqtisadiyyat və sosial sfera da inkişaf etməkdədir. Beləliklə də, Azərbaycan bütün sahələrdə kapitalını getdikcə artırmaqdadır", - o deyib.
Muradova qeyd edib ki, bu inkişaf nəticəsində əldə olunmuş güc bir sıra məsələlərin həllini asanlaşdırır. Onun sözlərinə görə, Ramil Səfərovun ekstradisiyası və azadlığa qovuşdurulması da həlli asanlaşmış məsələlərdən biridir.
"Ölkədə aparılan bütün islahatların məqsədi güclü dövlət yaratmaq və insanların rifah halını yüksəltməkdirsə, eyni zamanda, bir nömrəli problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsidir. Bütün uğurlarımız da bizi həlli mühüm və vacib olan bu məsələnin həllinə addım-addım yaxınlaşdırır", - Muradova vurğulayıb.
Vitse-spiker qeyd edib ki, bu günkü reallıqlar Ermənistanın yalan və böhtan üzərində qurduğu siyasətin puç olduğunu göstərir.
"Normal məntiqi olan Ermənistan vətəndaşları da bunu anlayırlar. Təsadüfi deyil ki, Ermənistan cəmiyyətində bu gün çox ziddiyyətli proseslər baş verməkdədir. Bütün bunlar isə Dağlıq Qarabağ məsələsində də onların məğlubiyyətə uğrayacaqlarına işarə edir. Əksinə Azərbaycanda isə hər bir uğur gələcəyə olan inamı artırır, ümidləri doğruldur və möhkəmləndirir. Ona görə də ayrı-ayrı şəxslərin dilində bu fikir səslənir - bu gün Ramil Səfərov, sabah isə Dağlıq Qarabağ", - Muradova deyib.
Bu xəbər oxucular tərəfindən 1671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed