Şrift:
Türk Dünyası Birliyi ideyasında əsas yük məhz Türkiyə və Azərbaycana düşür
25.10.2011 [13:00] - Müsahibə
Vurğun Həsənli: ”Türkiyə-Azərbaycan əlaqələrinin güclü olması ölkəmizə qarşı bütün mənfur planların puç olması deməkdir”


Sabiq diplomat, siyasi analitik Vurğun Həsənli ilə müsahibə

- Bir neçə gündən sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçirilməsi gözlənilir. Sizcə, bu toplantının hər iki ölkə üçün əhəmiyyəti nədən ibarətdir?

- Əhəmiyyəti ondan ibarətdir ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası uzun zamandan bəri arzulanan bir mərhələ və ya addım idi. Həyata keçirilməsi Türkiyə ilə əlaqələrimizdə zirvə sayıla bilər. Çünki sözügedən şura Azərbaycan-Türkiyə əlaqələrini “qırılması” mümkün olmayacaq səviyyəyə çatdıraraq gələcək nəsillərə ötürülməsinə yardım edəcək.
25-26 Oktyabrda keçirilicək toplantıda əsas istiqamət iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılması olaraq planlaşdırılır. Bütün istiqamətlərdə əlaqələrimizin yüksək səviyyədə olmasına baxmayaraq hər iki ölkənin iqtisadi potensialı ilə müqayisə etdikdə iqtisadi əlaqələrimizin arzuedilən səviyyədə olmadığını görmək mümkündür.
Sözügedən Şuranın yaxın gələcək üçün əsas məqsədi bütün sahələrdəki əməkdaşlığa təkan verməkdir. Hədəf isə, ikitərəfli əlaqələri sarsacaq bütün problemlərin, maneələrin birdəfəlik həllinə nail olmaqdır. Həmçinin hərbi sahədə əməkdaşlıq Şuranın əsas prioritet istiqamətlərindən biridir. Ona görə də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası rəqiblərimizə Azərbaycanın regionda yalnız olmadığını göstərməklə yanaşı təhlükəsizliyimizə də zəmanət yaradacaq.

- Ümumiyyətlə, hazırda Türkiyə-Azərbaycan əlaqələrini “strateji müttəfiqlik” səviyyəsində qurulan əlaqələr adlandırmaq olarmı?

- Azərbaycan və Türkiyə arasındakı ikitərəfli əlaqələr dünyada nümunəsi olmayan əlaqələrdir. İki ölkə arasındakı əlaqələr dövlətlərarası əlaqələri aşan bir əlaqədir. Burada dövlətdən daha çox xalqlar bir-birinə möhkəm bağlarla bağlanmışdır. Bəzən iqtidarlar arasında anlaşmazlıqlar baş verə bilir. Və bu anlaşmazlıqları hər iki xalq narazılıqla qarşılayır. Ona görə də, iqtidar geri addım atmaq məcburiyyətində qalır. Bu səviyyədəki əlaqəni “stratejik müttəfiqlik” səviyyəsində dəyərləndirmək düzgün olmazdı. Biz yəni Türkiyə və Azərbaycan dünyada analoqu olmayan dostluq və qardaşlıq əlaqələrinə malik ölkələrik.
Bununla əlaqədar olaraq, biz hər zaman üçün elə etməliyik ki, əlaqələrimiz “mütəffiqlik” səviyyəsindən daha yüksək olsun. Müttəfiqlik Azərbaycanın milli maraqlarına zidd addımlar atmayan ölkələrlə olmalıdır. Türk Dünyası ölkələri ilə əlaqələrimizi bu çərçivədə dəyərləndirmək doğru olmazdı.

- Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyədə inkişafı cənubi Qafqaz bölgəsinin təhlükəsizliyinin qorunmasında hansı rolu oynayır?

- Ümumiyyətlə Türkiyə-Azərbaycan əlaqələrinin güclü olması Azərbaycanın düşmənlərini məyus edən məsələdir. Çünki, Türkiyə-Azərbaycan əlaqələrinin güclü olması ölkəmizə qarşı bütün mənfur planların puç olması deməkdir. Məhz bu amilə görə, ölkələrimiz arasındakı əlaqələrinin inkişafının qarşısının alınması üçün hər dövr planlar dövriyyəyə atılır, ikitərəfli əlaqələrin gərginləşməsi üçün əllərindən gələni edirlər. Bizlər isə, nə olursa olsun ayıq olmalıyıq, Türkiyə-Azərbaycan əlaqələrində addım atarkən tələsməməliyik. Əlbəttə bəzən qardaşlar arasında narazılıqlar olacaqdır. Amma narazılıqları dərinləşdirmək əvəzinə problemin həll olunması istiqamətində addımlar atmaq lazımdır.
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı həm Türkiyənin, həm də Azərbaycanın inkişafına və rifahına xidmət etməkdədir. Unutmamaq lazımdır ki, “türkün türkdən başqa dostu yoxdur”.

- Türk dünyasının birliyi istiqamətində görülən işlərdə hər iki ölkənin potensial imkanlarını necə dəyərləndirirsiniz?

- Türk Dünyası Birliyi ideyasında məhz əsas yük Türkiyə və Azərbaycana düşür. Çünki hər iki ölkədə ictimaiyyətin arzusu və tələbi bu istiqamətdədir. Açıqcası Orta Asiya türk dövlətlərində xalqın Türk Birliyinə can atdığını düşünmək özümüzü altdatmaqdan başqa bir şey olmazdı. Çünki o dövlətlərdə milli şüur Türk Birliyinin əhəmiyyətini başa düşəcək səviyyədə tərbiyə almayıb. Burada mən oradakı xalqları günahlandırmıram. Oradakı problemin kökü o ölkələrdəki təhsil ocaqlarından və mediadan qaynaqlanır. Çünki xalqı əsas maarifləndirən təhsil ocaqları və mediadır.
Əminəm ki, Azərbaycan və Türkiyənin bu istiqamətdə gördükləri işlər uğurlu alınacaq və Türk Birliyi ideyasının həyata keçirilməsinə köməklik göstərəcək.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed