Şrift:
Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq genişlənir
06.09.2012 [15:12] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Namik Atanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
DMX-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd iki qardaş dövlət arasında miqrasiya sahəsində əməkdaşlıq prinsiplərinin daha da genişləndirilməsidir.
Xidmət rəisinin müavini Musayev qonaqları səmimi salamlayaraq, Azərbaycan və Türkiyə Respublikaları arasında isti dostluq və qardaşlıq münasibətlərinin olduğunu bir daha diqqətə çatdırmışdır. Musayev həmçinin Dövlət Miqrasiya Xidmətinin yaranma tarixini yada salmış, keçən illər ərzində, həmçinin bu gün həyata keçirilən ən mühüm tədbirlər barədə ətraflı məlumat vermişdir.
Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Namik Ata Azərbaycanda olmaqdan məmnunluqlarını dilə gətirərək bildirmişdir ki, istənilən sahədə Azərbaycanın qazandığı uğurlar bilavasitə Türkiyənin də uğurları sayılır.
Daha sonra tərəflər öz ölkə vətəndaşlarının həm Azərbaycan, həm də Türkiyədə hüquqlarının yüksək səviyyədə qorunduğunu və qanuni əsaslarla iş fəaliyyətlərini davam etdirdiyini bildirdilər. Qarşılıqlı dialoq əsasında keçən görüşdə hər iki tərəf gələcəkdə də həm türk, həm azərbaycanlı əməkçi miqrantların yaşamaları və işləmələri üçün müvafiq icazələrin verilməsinin daha da sadələşdiriləcəyini qeyd etmişlər.
Görüş sentyabrın 6-da işçi qrup səviyyəsində davam etdirilmişdir.
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed