Şrift:
Novruz Məmmədov: Ermənistan dövləti artıq öz fəaliyyəti ilə terrorçu xarakterini ortaya qoyub
06.09.2012 [22:18] - Xəbərlər
ASALA açıq-aydın şəkildə azərbaycanlı diplomatları hədələyib və Ramil Səfərovun Azərbaycana verilməsində iştirak edən diplomatlarımıza qarşı terror aktı törətməyi qərara alıblar. Bu faktın özü artıq çox ciddi bir məsələdir. Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Məmmədov bildirib ki, dünya ictimaiyyəti müəyyən məsələlərdə həmişə Ermənistan tərəfində mövqe tutur. Bu isə Ermənistan tərəfini, onun indiki seperatçı rəhbərlərini ruhlandırır və onları istədikləri addımları atmağa sövq edir.
"Ermənistan dövləti artıq öz fəaliyyəti ilə terrorçu xarakterini ortaya qoyub. Bu da təsadüfi deyil. Ermənistanın indiki rəhbərlərinin əksəriyyəti Dağlıq Qarabağda törədilmiş terror aktlarında, qətliamlarda birbaşa iştirak ediblər. Və bu gün onların hakimiyyətdə qalması üçün də bu proseslər olmalıdır. Dünya ictimaiyyəti bununla da terrorçunun kim olduğunu, kimin terrorçu fəaliyyətlə məşğul olduğunu görməlidir. Ramil Səfərov haqqında biz hər şeyi açıq-aydın demişik. Amma bununla belə, Ermənistan tərəfinin açıq şəkildə terroru dəstəkləyən mövqe ortaya qoyması həm də ASALA kimi terrorçu təşkilatları ruhlandırır. Elə bil ki, Ermənistan tərəfinə bir bəhanə lazım idi ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, danışıqlar, sülh yolu ilə həllini uzatsınlar. Ona görə də, bu məsələni əllərində bayraq edib hay - kuy salırlar. Bütün dünya da bilir ki, regionda gərginliyin azalmasına mane olan hadisə Ermənistanın Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğal altında saxlamasıdır. Əgər beynəlxalq dairələr ədalətlidirlərsə, qərəzli deyillərsə, buna münasibət bildirməlidirlər", - Məmmədov vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1092 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed