Şrift:
“Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
06.11.2019 [10:08] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamını xatırladaraq "Cəlil Məmmədquluzadə 150 il-məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının ədibin yubileyinə sanballı töhfə olduğunu vurğulayıb: "Cəlil Məmmədquluzadə böyük milli istiqlal ədəbiyyatı yaratmış qüdrəti vətəndaş yazıçıdır. O, eyni zamanda tənqidi realizm ədəbiyyat janrının banisidir. Onun baş redaktorluğu ilə çıxan "Molla Nərsəddin" jurnalı da Azərbaycan mətbuatına məktəb kimi daxil olub. O, kiçik hekayələrində böyük romanlara sığan mətləbləri əhatə edib. Əgər Azərbaycanda dramaturgiyanın əsasını qoyan Mirzə Fətəli Axundzadənin komediyaları dram janrına yaxındırsa, Mirzə Cəlilin komediyaları tragediyaya yaxındır. O, Azərbaycan ədəbiyyatında tragikomediya janrının banisidir. Mirzə Cəlil azərbaycançılıq ideologiyasını Azərbaycan ədəbiyyatının əsas probleminə çevirə bilib. Azərbaycanın taleyini, onun müstəqilliyini, istiqlalını Azərbaycan ədəbiyyatına sözün böyük mənasında Mirzə Cəlil gətirib. Onun 1917-ci ildə çap etdirdiyi məşhur "Azərbaycan" məqaləsi üstündən 100 il keçməsinə baxmayaraq bu gün də bizim azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. O, sözün əsl mənasında Azərbaycanın milli istiqlalına şərəflə xidmət edib. Mən hesab edirəm ki, Mirzə Cəlil milli istiqlal hərəkatının sərkərdəsi, Molla Nəsrəddinçilər isə bu hərəkatın ordusudur".
İ.Həbibbəyli deyib ki, ümummilli lider Heydər Əliyev də Cəlil Məmmədquluzadə irsinə çox yüksək qiymət verib. Azərbaycan Prezidenti İlham Əliyevin ziyalılarla görüşündə də Bakıda Mirzə Cəlilin heykəlinin qoyulması fikri irəli sürülüb, hazırda bu sahədə Mədəniyyət Nazirliyi tərəfindən işlər görülür. Eləcə də Pakistan, Misir, Macarıstan və başqa ölkələrdə Mirzə Cəlilin əsərləri çap edilib, gələcəkdə də bu işlər davam etdiriləcək. Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, kitabın tərtibçisi Elxan Nəcəfov məruzə ilə çıxış edərək bu ideyanın bir əvvəl yarandığını söyləyib: "Biz qərara gəldik ki, Mirzə Cəlil haqqında 1970-ci illərdən çıxan yazıları toplayaq. Kitabda məqalələr, esselər, şeirlər və məqalələr yer alır".
Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək Mirzə Cəlilin yubileyi münasibəti ilə müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edib: "Ancaq ən vacib hədiyyə kitabdır, mən artıq bu kitabla tanış olmuşam və çox yüksək dəyərləndirirəm. Mən kitabın yaradıcılarına öz təşəkkürümü bildirirəm".
Tədbirdə həmçinin AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və başqa qonaqlar çıxış ediblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed