Şrift:
Azərbaycan antiterror tədbirlərinə start verdi.
08.09.2012 [14:22] - Xəbərlər, Sosial
ASALA-nın təhdidi güc strukturlarını hərəkətə keçirdi; xüsusi xidmət orqanları ictimai nəqliyyatda mühafizənin təşkil olunması üçün Nəqliyyat Nazirliyinə və Metropolitenə məxfi təlimat göndərib; ekspertlər isə təhlükəni real sayır

Xəbər verdiyimiz kimi, sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatları fəalları hədəf kimi göstərilib və onların qətlə yetiriləcəyi bildirilib. Məktubda vurğulanıb ki, “çox yaxında bütün azəri diplomatik nümayəndəliyinin əməkdaşları bu günə qədər tətbiq etmədiyimiz bir üsulla öldürüləcəkdir”.

Xatırladaq ki, ASALA-nın məlum hədəsi azərbaycanlı zabit Ramil Səfərovun ölkəyə gətirilməsi və prezident İlham Əliyev tərəfindən əfv edilməsindən sonra ortaya çıxıb. Dünyada törətdiyi terror əməliyyatlarına görə xeyli ajiotaj yaratmış təşkilatın bu xəbərdarlığı Azərbaycanın əlaqədar qurumlarında nə kimi reaksiya doğurub? Hansı önləyici, təhlükəsizlik tədbirləri görülüb və ya görülməsi nəzərdə tutulub? Düzdür, ASALA xeyli müddətdir ki, terror təşkilatı kimi fəaliyyət göstərmir. Amma buna baxmayaraq ekspertlər qanlı hörgütün təhdidinin qulaqardına vurulmasını da doğru saymırlar.

Terrora ən həssas sahələrdən biri də ictimai nəqliyyatdır. Ona görə də mövzu ilə bağlı ilk olaraq Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənovla danışdıq. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu xəbərdarlıqdan asılı olmayaraq, nəqliyyat sektoru hər zaman ciddi mühafizə edilir. Müsahibimizin dediyinə görə, Bakı Avtovağzalı təhlükəsizlik kamerası ilə təchiz olunub. Bundan başqa, vağzalın təhlükəsizlik xidməti əməkdaşlarına da xüsusi tapşırıqlar verilib: “Həm yeni dərs ilinin başlanması, həm son qəzalar, həm də bu xəbərdarlıqdan sonra üçqat gücləndirilmiş iş rejiminə keçilib. Belə bir həssas məqamda əlavə qüvvələrin cəlb edilməsi və əlavə kameraların işə salınması ilə bağlı göstəriş verilib. İşə müvafiq qurumlar da cəlb edilib”.

Müsahibimizə 90-cı illərin əvvəllərində ermənilərin terror əməliyyatları çərçivəsində Bakı metrosundakı və digər ictimai nəqliyyat vasitələrində törədilmiş partlayışları xatırlatdıqda dedi ki, Azərbaycanı 20 il əvvəllə müqayisə etmək doğru deyil. Onun sözlərinə görə, hazırda ölkədə müasir texnologiyalar tətbiq olunur: “Bu tədbirlər şəhəriçi, şəhərlərarası nəqliyyatı, avtovağzalı da əhatə edir. Bu, Nəqliyyat Nazirliyinin nəzarət etdiyi bütün sahələr üçün keçərlidir. Amma tədbirlərin forması barədə məlumatı açıqlamaq istəmirəm. Bizdə bu məsələ ilə bağlı xüsusi şöbə var. O şöbənin fəaliyyəti məxfi xarakter daşıdığı üçün bu barədə məlumat verə bilmirəm”.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov da gözlənilən, ehtimal edilən terrorla bağlı məxfi surətdə məlumat aldıqlarını söylədi. Onun sözlərinə görə, Bakı Metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin rəhbəri Əflatun Həsənovla da bu məsələ ilə bağlı müzakirələr aparılıb: “Amma yenə də ayıq-sayıq olmaq lazımdır. O açıqlama olmamışdan da bizə deyilmişdi ki, xüsusi mühafizə gücləndirilsin. İndi keçidlərdə sərnişinlərin üst-başı daha çox yoxlanır. Monitorlardan baxıram. Polislərin hər birinə ayrıca kamera ilə baxılır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi ki, dünyanın heç bir dövləti terrordan sığortalanmayıb. Hər gün dünyanın ayrı-ayrı nöqtələrində terror əməllərinin törədilməsinə toxunan müsahibimizə görə, terrordan ən çox ziyan çəkən, onun ağrı-acısını yaşayan ölkələrdən biri də məhz Azərbaycandır: “1988-ci ildən başlayaraq, ölkəmiz terrora məruz qaldı. Törədilən belə qanlı cinayətlərdə xeyli sayda dinc vətəndaşımız həlak oldu. Torpaqlarımızın qonşu dövlət tərəfindən 20 faiz işğal edilməsi nəticəsində terror bu gün də davam edir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarının birgə səyi ilə mütəmadi olaraq həyata keçirdikləri zəruri tədbirlər nəticəsində ölkəmizdə ictimai asayiş, təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Ölkəmizin kriminogen durumu daim nəzarətdə saxlanır. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə tədbirlər fasiləsiz olaraq həyata keçirilir”.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “Yeni Müsavata”a açıqlamasında dedi ki, xaricdəki vətəndaşların təhlükəsizliyi hər zaman diqqətdədir. Müsahibimizin sözlərinə görə, məlum xəbərdarlıqdan dərhal sonra Azərbaycanın xaricdəki səfirliklərinə bu barədə məlumat verilib: “Onların, habelə xaricdəki tələbələrin təhlükəsizliyinin qorunması məsələsi müzakirə olunub. Önləyici tədbirlər görülüb ki, bunun detallarını açıqlamaq istəmirik”.

Adının çəkilməsini istəməyən sabiq təhlükəsizlik zabiti də söylədi ki, ASALA-nın xəbərdarlığını ciddiyə almaq lazımdır. Onun dediyinə görə, bu təşkilat 28-dən çox türkiyəli diplomatı qətlə yetirib: “Ramil Səfərovun azadlığa çıxmasından sonra Ermənistan rəsmilərindən biri demişdi ki, "1915-ci ildə Türkiyənin bizə vurduğu zərbələri neçə ildən sonra onların diplomatlarından çıxdıq. Azərbaycan elə etməsin ki, biz də Ramil Səfərov olayının əvəzini bu formada çıxaq". Belə məsələlərdə heç cür fikirləşmək lazım deyil ki, bu, yalançı telefon zəngidir. Söhbət ciddi terror təşkilatlarından birindən gedir".

Ekspertin fikrincə, indiki məqamda təhlükənin haradan gələcəyini öyrənmək lazımdır. Müsahibimiz onu da dedi ki, birbaşa Ermənistandan olmasa da, terrorçu təşkilatın Gürcüstan və Rusiya vasitəsilə terrorçuları göndərməsi mümkündür: “Xaricdə təhlükəsizlik ştatımız var. Bundan başqa, mövcud ölkənin xüsusi xidmət orqanları da bu barədə məlumatlandırılmalıdır. Fərdi olaraq, xüsusilə məsuliyyətli olmalıdılar”.

Yekun olaraq bildirək ki, ölkəmiz son illər bu və digər ölkələrin terror təşkilatlarının hədəfindədir. Son illər Azərbaycan hüquq-mühafizə və xüsusi-xidmət orqanları vaxtaşırı antiterror tədbirləri keçirir. İndiyədək keçirilən həmin tədbirlər zamanı xeyli sayda silahlı terrorçu məhv edilib, bir neçəsi isə tutulub. İndi bu siyahıya ermənilərin qanlı terror təşkilatı ASALA da daxil olub. Bu isə dövlətin ayrı-ayrı strukturlarının məsuliyyətini daha da artırır.

Sevinc TELMANQIZI
Bu xəbər oxucular tərəfindən 1447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed