Şrift:
İranin Cənubi Qafqaz siyasəti
25.10.2011 [14:02] - Güney Azərbaycan-Təbriz
Cənubi Qafqazda gedən proseslər baxımından İranın ümumən xarici siyasəti, xüsusilə İranın Cənubi Qafqaz siyasəti və bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətləri xüsusi əhəmiyyət kəsb edir.

Digər bir baxışla İranın mövcud Cənubi Qafqaz siyasətini düzgün anlamaq üçün bu ölkənin xarici siyasətinin ümumi mahiyyətinə, Cənubi Qafqazın ümumilikdə və ayrı- ayrılıqda ölkələr kimi İran üçün əhəmiyyətinə, İran xarici siyasətinin bu bölgə ilə bağlı əsas hərəkətverici qüvvələrinə, istiqamətlərinə və mərhələlərinə ayrı-ayrılıqda nəzər salmaq vacibdir. Bu baxımdan İranın Cənubi Qafqaz siyasəti bir neçə məqalə ilə təhlil edilməyə çalışılacaqdır. İlk yazıda İranın ümumi xarici siyasəti fonunda Cənubi Qafqazın yerinə və İranın Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin ümumi mənzərəsinə nəzər salınacaqdır. Sonra isə növbəylə İranın Azərbaycan, Ermənistan və Gürcüstan ilə ikitərəfli münasibətlərinə daha geniş toxunulacadır. Ümumi Mənzərə İkiqütblü dünya sisteminin qütblərindən birinin mərkəzi olan SSRİ-nin dağılmasına paralel olaraq bir tərəfdən ortaya çıxmağa başlayan yeni boşluqlar üçün güc mübarizəsi, digər tərəfdən müstəqilliyinə qovuşmağa başlayan ölkələr içərisində və arasında etnik problemlər yaşanmağa başlamışdır. Bu proses Cənubi Qafqazdan da yan keçməmişdir. Sovetlər Birliyinin dağılmasıyla birlikdə Cənub Qafqazda üç yeni dövlət; Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları ortaya çıxmışdır. Bölgə üçün mübarizə aparan güclər, bəzən bunları ayrı-ayrı götürərək aralarındakı problemlərdən faydalanmağa çalışmış, bəzən Cənubi Qafqazı bir bütün olaraq görüb, bu istiqamətdə strategiyalar müəyyənləşdirmiş və tətbiq etməyə çalışmışdır. Cənubi Qafqaz bölgəsi ümumlikdə ABŞ başda olmaqla Qərb dünyası, Rusiya, Türkiyə, İran, Çin, Yaponiya və digər dövlətlər üçün onların strateji məqsədləri istiqamətində böyük əhəmiyyət daşımaqdadır. Şübhəsiz, digər dövlətlərin Cənubi Qafqazla bağlı maraqları da İranı yaxından maraqlandırır. Amma bu məqalədə ümumi şəkildə sadəcə bölgənin İran üçün əhəmiyyətinə toxunacağıq. Birbaşa İran üçün aşağıdakı səbəblərdən Cənubi Qafqaz xüsusi əhəmiyyət daşıyırdı: 1. Bölgə ölkələrinin müstəqilliyə qovuşmasından sonrakı ilk illərdə yayılmacılıq sahəsi meydana gətirmək (Azərbaycanın və Azərbaycan Türklərinin sıx olaraq yaşadığı cənub-şərqi Gürcüstanın timsalında); 2. Böyük güclərin (xüsusilə ABŞ başda olmaqla Qərbin, Rusiyanın və Türkiyənin) özünə istiqamətlənmiş planlarına mane olmaq; 3. Müstəqil Azərbaycanın güclənməsi zamanı, bunun öz sərhədləri içərisindəki Azərbaycan Türkləri üzərindəki mümkün təsiri məhdudlaşdırmaq, daha da irəli gedərək Azərbaycanın müstəqilliyini və varlığını məhdudlaşdırmaq; 4. Bölgədəki təbii qaynaqların xarici şirkətlər tərəfindən çıxarılmasına (istehsalına) və bu qaynaqların beynəlxalq bazarlara çatdırılmasına mane olmaq həm Qərb güclərinin bölgəyə bu bəhanələrlə/səbəblərlə yerləşmələrini önləmək, həm də istehlakçı kimi özünə rəqib yaranmasına mane olmaq. Göründüyü kimi, SSRİ-nin dağılmasından sonrakı mərhələ üçün geosiyasi mübarizə baxımından yeni bir meydan xüsusiyyəti qazanan Cənubi Qafqaz, İran üçün “həm risklər, həm də fürsətlər sahəsi” kimi diqqəti cəlb edirdi. SSRİ-nin parçalanması İranın son üç əsrdə ən mühüm təhdid hesab etdiyi Rusiya ilə birbaşa sərhəddinin aradan qalxmasına səbəb olmuşdu. Onun yerinə isə qonşuluqda Azərbaycan, Gürcüstan və Ermənistan kimi nisbətən “kiçik dövlətlər” yaranmışdı ki, bu da İran tərəfindən Qafqaza dair tarixi iddilarının yenidən gündəmə gətirilməsi fürsəti kimi qiymətləndirmişdir. Amma digər tərəfdən İran üçün “müstəqil Azərbaycan problemi” yaranmışdı. Bu məqam bir neçə səbəbdən xüsusilə əhəmiyyət daşıyırdı. Onlar arasında “Azərbaycan məsələsi”nin İranın təzadlı mövqeyini nümayiş etdirməsi də vardı. Əslində ümumilkdə İran üçün Cənubi Qafqaz (hətta ümumilikdə Qafqaz bölgəsi) xarici siyasət doktrinasının və ideologiyasının nəzəriyyə və praktika baxımından ziddiyyət təşkil etdiyi ən vacib nümunələrdən biridir. Xüsusilə İran-Ermənistan və İran-Azərbaycan münasibətləri, bir az daha geniş coğrafiyaya baxacaq olsaq Şimali Qafqazdakı proseseslər və xüsusilə də Çeçenistan problemi İranın xarici siyasəti ilə bağlı təzadlı mənzərəni gözlər önünə sərmişdir. İranın bölgə siyasətinin ümumi mənzərəsinə qısaca baxacaq olsaq bu ölkənin başlanğıcdan etibarən Ermənistan və Azərbaycanla sıx, Gürcüstanla daha məhdud əlaqə içərisində olduğunu görərik. 1992-ci ilin iyun ayından 1993-cü ilin iyun ayına qədərki dövrdə İranın Azərbaycanla bağlı siyasəti xüsusilə mənfi, lakin Ermənistanla bağlı siyasəti isə xüsusilə müsbət olmuşdur. Bu siyasət həm İranın strateji seçimlərindən, həm də Azərbaycandakı Elçibəy hakimiyyətinin İranla bağlı siyasətindən qaynaqlanırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra İranın narahatlıqlarını azaldan siyasət izləməyə başlamışdır. Amma bu addım da Azərbaycanın müstəqilliyini, hətta varlığını özünə qarşı təhlükə kimi görən İranın siyasətini tam dəyişdirə bilməmişdir. İran indiki mərhələdə hələ də ABŞ-ın onu əhatəetmə və ölkəsinə müdaxilə siyasətində Azərbaycandan baza kimi istifadə edə biləcəyi narahatlığını sıx-sıx yaşamaqdadır. İran Ermənistan ilə yaxşı əlaqələrini yalnız Azərbaycana qarşı müharibə dövrü ilə məhdudlaşdırmamışdır. İki ölkə arasında elektrik, neft, dəmiryolu və təbii qaz mərkəzli enerji əməkdaşlığı da davam edir. İran-Gürcüstan münasibətlərində ilk mərhələdə çox əhəmiyyətli proseslər yaşanmamış, ümumiyyətlə, Gürcüstanın ABŞ ilə hərbi əlaqələrinin yaxşı olması səbəbindən İran bu ölkəyə soyuq yanaşmışdır. Amma, maraqlıdır ki, Gürcüstan-ABŞ münasibətlərinin zirvəyə yaxınlaşdığı mərhələdə İran-Gürcüstan münasibətlərində hər iki ölkənin zəruri ehtiyacları səbəbiylə müəyyən yaxşılaşma müşahidə edilmişdir. Son illərdə İran Gürcüstanla vizasız gediş-gəliş müqaviləsi də imzalamışdır. Bütün bu məsələlərin detallarına İranın Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlərinə dair yazılarda daha geniş toxunulacaqdır.

Araz Aslanlı,
Araz tədqiqatlar mərkəzinin rəhbəri
Bu xəbər oxucular tərəfindən 5372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed