Şrift:
Akkoda yaşayan Azərbaycan icması ilə görüş keçirilib
27.11.2019 [08:23] - Diaspor
İsraildə səfərdə olan Diasporla İş üztə Dövlət Komitəsinin nümayəndə heyətinin Akkoda və ətraf şəhərlərdə yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Evinin direktoru, Azərbaycan Dağ Yəhudiləri icmasının Akko şəhəri üzrə sədri Nexamiya Şirin Mixaeli açıb. O, Azərbaycan Evinin, fəaliyyətindən, eləcə də Akkoda yaşayan azərbaycanlıların təşkilatlanma məsələlərindən danışıb. Dövlət Komitəsinin sədri Fuad Muradov dövlətimizin diaspor siyasəti, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr, soydaşlarımızın bir çətir altında birləşməsi istiqamətində görülən işlər, diaspor təşkilatlarının dövlətlərarası münasibətlərdə və Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasında oynadığı rol barədə ətraflı məlumat verib. Qeyd edib ki, Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın mütəmadi olaraq Vətənlə əlaqələrinin qorunması üçün müasir informasiya texnologiyalarından (24 saat onlayn müraciət, Diaspor FM, Diaspor TV, Diaspor xəritəsi və s.) geniş istifadə edir. Xaricdə yaşayan soydaşlarımızın sosial məsələlərinin davamlı olaraq dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayan komitə sədri Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasını, xaricdə yaşayan iş adamlarına bizneslərinin distant idarəedilmə imkanlarının yaradıldığını, “Soydaşlar haqqında” qanunvericiliyin hazırlanmasını, "Diaspor fəaliyyətində xidmətə görə" medalın təsis edilməsini buna nümunə göstərib.
Daha sonra Azərbaycan icmasının üzvləri Etibar Axundov, Alik Əşrəfov, Hafiz Rəhimov, Cəmil Məmmədov, Rövşən Yarıyev, Gulya Yosef, Mehman Quliyev və digərləri çıxış ediblər. Fikir mübadiləsi zamanı Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində mütəşəkkil fəaliyyətin vacibliyi, Azərbaycan dili və digər milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, gənc nəslə ötürülməsi istiqamətində işlərin görülməsi, Azərbaycan tarixinə dair kitabların nəşri, yayılması, gənclərin təşəbbüslərinə dəstək verilməsi, diaspor fəaliyyətinə cəlb olunması, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin və siyasi qurumların diqqətinə çatdırılması, bu ölkədə yaşayan digər icmalarla dostluq əlaqələrin genişləndirilməsi kimi məsələlərdən bəhs edilib. Tədbirin sonunda nümayəndə heyəti Azərbaycan Evi ilə tanış olub. Dövlət Komitəsinin adından Azərbaycan tarixi və mədəniyyətinə dair kitablar, eləcə də milli geyimlər hədiyyə olunub.

DAVAM.AZ
“Orta Doğu Bürosu”
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed