Şrift:
Zamanı qabaqlamış şair
25.10.2011 [14:17] - Mədəniyyət
Ötən həftə dahi Azərbaycan şairi Xəlil Raz Ulutürkün doğum günü ilə yadda qaldı


Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.



Çox maraqlı bir məqam həmişə narahat edir məni. Heç kimə sirr deyil ki, Azərbaycan divlər yetirir. Hər sahədə. Bəs necə olur ki, biz öz sısqa məğlubiyyətimizə bu div mənəviyyatımızla dözə bilirik?
Biz Vətən dərdi ilə yanan şairlərin dərdinə əlac etmək əvəzinə onların dərddən partlayan ürəklərinin torpağa qovuşduğu məkana gül-çiçəklə ziyarətə gedirik, bundan üzümüz də qızarmır. Mən utanıram bu Vətən uğrunda barmağını tərpətmiş, yaxşı mən ada tərpətmiş hər kəsdən. Neçə ki, Qarabağ məsələsi həll olunmayıb, elə utanacam da.
Məmməd Araz, “” Ayağa dur, Azərbaycan” deyə bağırdı, duymadıq, Xəlil Rza Lefortovodan hayqırdı, duymadıq, Hüseyn Cavid qaniçənlər adlandırdı, susduq, Əhməd Cavadı duymadıq, nə bilim daha neçə-neçə hayqırtını boğduq içimizdə. Hayqıranın da başını yedik.
İndi sizə elə bir yerdən səslənəcəm ki, orda Lefortovo var, “Davam edir 37” var, Təbriz var. Və orda…
Orda Xəlil var!
Xəlil Rza Ulutürk!
Bu adı eşidəndə insanın içinə bir ürpərti gəlir. Bu balaca adamın böyük adı heybət doğurur.
“Azadlığı qram-qram” istəməyən Xəlil Rza bu misqal azadlığını Tanrının dərgahına dəyişdi. İndi göylərin ənginliklərində “qolundan qırılmış zəncirlər”in zəhərli ilanlar kimi yerdəki insanların boyunlarına necə dolandığına tamaşa edir. Mən əminəm ki, Xəlil Rza ordan da bizi düşünür. Yerdəki “Türküstanı”nı…


Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Erməni siz Azərbaycan!!!


Harda doğulub Xəlil? Bu cənnət ölkəmin hansı tərəfindən boylanıb cahana?
Gəlin, sizinlə şairin ömür yoluna kiçik bir seyrə çıxaq:
1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olan Xəlil Rzanın ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub. 1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Ədəbiyyatşünas alim Cəfər Xəndanla, şair Bəxtiyar Vahabzadə ilə, xalq yazıçısı Mirzə İbrahimovla və digər ziyalı sənətkarlarla təması Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərib.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. 1957-ci ildə Yazıçılar İttifaqının Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Rusiya paytaxtında görkəmli yaradıcı simalarla tanış olur. 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edir.
Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Ötən əsrin 80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın səsi Azərbaycanın bütün regionlarında eşidilib. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə sovet siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
1990-cı ilin yanvarında Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıdır. O bütün qüvvəsi ilə 20 yanvar hadisələrini, M.Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
1990-cı il yanvann 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair "Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktub qələmə alır. Şair 1994-cü il iyun ayının iyirmi ikisinədək- dünyasını dəyişən günədək yazdığı şeirlərdə və nəşr etdirdiyi kitablarda “Xəlil Rza Ulutürk” imzasını qoyub. “Bahar gəlir” adlı ilk şeirlər kitabı 1957-ci ildə, “Lefortovo zindanında” adlı 27-ci kitabı isə 1998-ci ildə çap edilib.
Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün - 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı Firəngiz xanım XX əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini - "işıq üzü görməyən küll halında qalmış əsərlərini" nəşr etdirir.
Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı. Necə deyərlər, bir dəri, bir sümük qalmış, bənizi saralmış şair fıziki halsızlığına, xəstəliyinə baxmayaraq, bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə meydanına atılmışdı. Onun öz sözü ilə desək, düşmən ətini şişə çəksə də, fıl qüdrətini sındıra bilməmişdi.
Xəlil Rza Azərbaycan Respublikasının Ali Sovetinə növbəti seçkilərdə deputatlığa öz namizədliyini irəli sürmüş, seçkilərdə uğur qazansa da, onun seçilməsinə imkan verilməmişdir. Buna baxmayaraq, Xəlil Rza vətəndaş şair kimi geniş oxucu kütlələri ilə, döyüş bölgələrində əsgərlərlə görüşlərində şerlər oxuyur, alovlu çıxışlar edir, dinləyiciləri sərvaxt olmağa, istiqlaliyyət uğrunda mübarizəyə səsləyir, onlarda birlik və döyüşkənlik ruhu aşılayırdı.
1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır. Lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, Zolenger şəhər klinikasında müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun 22-də şairin ürəyi döyünməkdən qaldı.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzarı üstündə şairin əzəmətli heykəli yüksəldildi.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "Istiqlal" ordeni ilə təltif edildi. Onun adı əbədiləşdirildi.
Bir də Araz dərdi vardı Xəlilin;
“Bir yanda şahənşah, bir yanda da çar,
Qan ilə yazdılar sülh qərarını,
Tikanlı məftillə sarıdı onlar
Böyük bir millətin yaralarını!”


Ruhun şad olsun, yerin behişt olsun, Türkün Ulusu! Biz bunları yazmaqla sənin doğum gününü özümüzcə qeyd elədik. Günahımızdan keçəcəksənmi, bilmirəm amma əmin ol, bir gün damarlarımızda azadlığa susamış bu qan istiqlalını qazandığı kimi qələbəsini də qazanacaq! Ruhun şad olsun, böyük şair. Sən rahat uyu məkanında…

Səhifəni hazırladı: Nigar İsfəndiyarqızı
Bu xəbər oxucular tərəfindən 2548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed