Şrift:
Dəmir yolu stansiyasının ərazisində soyğunçuluq edən şəxslər saxlanılıblar
03.12.2019 [22:15] - Hadisə
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, dəmir yolu stansiyasının ərazisində Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Zaur Salayevə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, gecə saatlarında iki nəfər naməlum şəxs onu itələyib yerə yıxmaqla 247 manat pulunu və banklardan birinə məxsus kartı götürərək hadisə yerindən qaçıblar. Zərərçəkən başına gələn hadisə barədə polisə məlumat verən kimi dərhal cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.
Cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Həsən Əliyev və Sabunçu rayon sakini Cəlaləddin Məmmədov DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi və Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq məsuliyyətə cəlb olunublar. Saxlanılan şəxslər ifadələrində törətdikləri soyğunçuluq hadisəsini etiraf ediblər.
Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed