Şrift:
Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatla çıxış edib
25.10.2011 [14:29] - Gündəm
“Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcək”

Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi münasibətilə bəyanatla çıxış edib. APA-nın məlumatına görə, bəyanatda deyilir: “Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib.

Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür.

Bildiyiniz kimi, iki gün ərzində keçirilən seçkilərdə Azərbaycan bütün turlarda, bütün mərhələlərdə üstünlük əldə edib. Birinci turda 3 namizədin arasında 1-ci yeri Azərbaycan tutub. Ondan sonra keçirilən səsvermələrdə həmişə bizim ölkəmizə çox böyük dəstək verilib. Nəticədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək bizi bu mötəbər təşkilata üzv seçib. Mən fürsətdən istifadə edərək bizə inanan, bizə güvənən, bizə böyük hörmət göstərmiş bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcək.

Uğurlarımız kifayət qədər çoxdur. Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. Biz bu böyük yubileyi böyük təntənə ilə və böyük uğurlarla qeyd edirik. Yubiley ərəfəsində keçirilmiş tədbirlər, verilmiş bəyanatlar ölkənin dinamik və uğurlu inkişafını əks etdirir. Yəni, ölkəmiz bütün sahələrdə inkişaf edir. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Ölkəmizdə dünyada analoqu olmayan inkişaf yaşanır. Bu inkişaf bütün sahələrdə özünü göstərir.

Azərbaycan həm sosial məsələlərin həllində, iqtisadi inkişafda, infrastruktur layihələrinin icrasında uğurla irəliyə gedir. Bütün bu uğurlarla, ölkə daxilində aparılan islahatlarla bərabər bizim xarici siyasətimiz də çox çevik və uğurludur. Bizim xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir.

Bizim dünyadakı dostlarımızın sayı artmaqdadır. Mən dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinə fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, dünyada dostlarımız kifayət qədər çoxdur. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə verilən bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir.

Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib.

Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bu böyük qələbə münasibətilə mən öz sevincimi Azərbaycan vətəndaşları ilə bölüşmək istəyirəm. Bir daha bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da qələbələrimizin sayı çox olacaq. Əziz dostlar, bu tarixi hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzulayıram”.
Bu xəbər oxucular tərəfindən 1021 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed