Şrift:
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov beynəlxalq fotomüsabiqənin xüsusi mükafatına layiq görülüb
06.12.2019 [08:56] - Mədəniyyət
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Serbiyada keçirilən “Through the Viewfinder 2019” beynəlxalq fotomüsabiqəsinin xüsusi mükafatını qazanıb. 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarında çəkilmiş “İşıq projektorları” fotosuna görə o, “Master of Light” qızıl nişanına layiq görülüb. Bu şəkil beynəlxalq Foto Sənəti Federasiyasının (FİAP) himayəsi altında keçirilən və “Master Of Light” Beynəlxalq Foto Assosiasiyasının (MOL PA) standartlarına cavab verən fotomüsabiqənin ən yaxşı fotosu hesab edilib. Bu mükafatı ona MOL PA prezidenti Janko Jerinicin sədrliyi ilə münsiflər heyəti verib.
Qeyd edək ki, fotomüsabiqəyə dünyanın 58 ölkəsindən 252 müəllifin 5194 fotosu qəbul edilmişdir. Master of Light Photographic Association - Kanadanın Vancuver şəhərində yerləşən beynəlxalq təşkilatdır. Onun məqsədi üslubundan, janrından və ifa texnikasından asılı olmayaraq, foto sənətini bütün dünyada təbliğ etmək və populyarlaşdırmaqdır. Bununla yanaşı, fotomüxbirin digər dörd fotosu Belçika, Lüksemburq və Serbiyada “Babel Photographic Circuit 2019” və “BELGRADE PHOTO AUTUMN 2019” beynəlxalq foto müsabiqələrinin mükafatlarını əldə edib. CEF (İspaniya fotoqrafları Konfederasiyası) diplomuna "Məşqçinin sevinci", “Global Photographic Union”un fəxri lentinə isə "Qeyri-adi tullanma " fotoları layiq görülmüşdür. Digər iki foto "Güləşçi fəndi" və "Batutda tullanma" salonların fəxri lentlərini qazanıb. Bu şəkillər 2016-cı ildə Braziliyada keçirilən Olimpiya və Paralimpiya oyunlarında, eləcə də 2017-ci ilin fevralında Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda çəkilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed