Şrift:
Zakir Həsənov Pakistan səfiri ilə görüşüb
06.12.2019 [09:52] - Hərb
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmand ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan ilə Pakistan arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib. Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Ölkələrimizin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirəsi zamanı Azərbaycan Ordusu ilə Pakistan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Pakistanın ölkəmizin ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Pakistan İslam Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. Ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan-Pakistan hərbi və hərbi-texniki sahələrində əlaqələrinin genişləndirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov ona gələcək işlərində də uğurlar arzulayıb. Diplomat isə öz növbəsində ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını bildirib. Səfir qeyd edib ki, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətləri mövcuddur. Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı səfir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu və tərəflər üçün qarşılıqlı faydalı olduğu vurğulanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed