Şrift:
Yerli əl işi istehsalçıları arasında Formula 1 Azərbaycan Qran-Prisi üçün suvenir müsabiqəsi keçirilir
10.12.2019 [08:09] - İdman
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) fəaliyyətinin beş illiyi münasibətilə yerli əl işi və suvenir istehsalçıları arasında Formula 1 Azərbaycan Qran-Prisinə dair müsabiqə keçirir. Müsabiqəni keçirməkdə məqsəd əl işi və suvenir hazırlığı ilə məşğul olanlara dəstək göstərmək və onları avtoidmana aid milli suvenirlər hazırlamağa təşviq etmək, həmçinin fərqlənən cəlbedici suvenirləri seçərək yarış zamanı onların satışına kömək göstərməkdir. Bu sözləri BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai dekabrın 9-da təşkil olunan brifinqdə deyib. O bildirib ki, BŞH-nin Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində keçirilən müsabiqədə 18 yaşı tamam olmuş, yerli əl işi və suvenir istehsalçısı fərdi sahibkar kimi və ya əlaqədar biznes qurumu adından iştirak edə bilər. Müsabiqədə iştirak ödənişsizdir. İştirakçılar müsabiqəyə bir və ya daha çox əl işi təqdim edə bilərlər. Müsabiqə yerli əl işi və suvenir istehsalçılarının işgüzar fəaliyyətinə təkan verəcək.
“Biz hər il çalışırıq ki, yerli sahibkarlar Formula 1 Azərbaycan Qran-Prisinin onlar üçün yaratdığı biznes imkanlarından faydalana bilsinlər. Əl işi və suvenirlərə dair keçirdiyimiz bu müsabiqə də sözügedən məqsədə xidmət edir. İnanırıq ki, müsabiqə çərçivəsində bir-birindən maraqlı əl işi və suvenirlər istehsal olunacaq və bu da öz növbəsində həmin biznes sahəsində işgüzar fəaliyyətin dayanıqlı inkişafına töhfə verəcək”, - deyə N.Arpadarai əlavə edib.
Müsabiqəyə müraciət gələn il yanvarın 31-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyənlər müraciət formasını tam doldurub imzaladıqdan sonra əl işi və suvenirin şəklini competition@bakugp.az email ünvanına göndərməlidirlər.
Təqdim olunan əl işi və suvenirlər arasından beş qalib seçiləcək. Həmin qaliblər əsərləri yarış zamanı BŞH-nin əyləncə mərkəzindəki mağazasında satışa çıxara biləcəklər. Bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed