Şrift:
“Qobu Park-2” yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərə hüquqi yardım göstərilib
10.12.2019 [09:49] - Hüquq
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından bildiriblər ki, respublikanın müxtəlif regionlarında hüquqi yardıma ehtiyacı olan şəxslərə mütəmadi qaydada pulsuz hüquqi yardım göstərilməsi üzrə tədbirlər keçirilir. Ölkə əhalisinin həssas təbəqələrindən olan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli, onların sosial müdafiəsinin gücləndirilməsi daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Respublikası Vəkillər Kollegiyası pulsuz hüquqi yardım və hüquqi maarifləndirmə ilə bağlı növbəti tədbirini məcburi köçkünlərin yığcam məskunlaşdıqları “Qobu Park-2” yaşayış kompleksində təşkil edib. Tədbir çərçivəsində Bakı şəhəri 20 saylı vəkil bürosunun üzvləri 100-ə yaxın məcburi köçkün ailəsinə pulsuz hüquqi yardım göstərib. Tədbirdə vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı məsələləri, məcburi köçkünlərin imtiyazları, sahibkarlıq fəaliyyəti, məhkəmə-hüquq islahatları ilə bağlı hüquqi maarifləndirmə işi həyata keçirilib. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bu cür tədbirləri qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları digər regionlarda da təşkil etməyi planlaşdırır. Xatırladaq ki, dövlət başçısının Sərəncamında, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed