Şrift:
Əsgər İqor Rıskin: Vətəni qoruyanların sırasında olmağımla qürur duyuram
12.12.2019 [10:52] - Hərb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu günlərdə ön xətdə yerləşən “N” hərbi hissədə hərbi qulluqçularla görüşüb, nahar süfrəsi arxasında söhbət edib. Bu görüş onların yaddaşında həm səmimiliyi ilə, həm də mahiyyəti etibarilə hərbi xidmətə diqqət və qayğının təzahürü kimi qalıb və qalmaqda davam edəcək. “N” hərbi hissəsində nümunəvi xidməti ilə seçilən Əsgər İqor Rıskin də Müdafiə naziri ilə görüşü həmişə xoş duyğularla xatırlayacağını deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bakıda anadan olan əsgər İ.Rıskin Milli Aviasiya Akademiyasının məzunudur. O, ötən il uçuş mühəndisliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib. “Səmanı sevirəm, pilot olacağam. Göyləri sevirəm, yeri-torpağı, Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram. Həm də ata-anamın, bacılarımın mənimlə qürurlanması ilə də fəxr edirəm”, - sözləri isə onun vətənsevərliyini təsdiqləyir.
Əsgər İ.Rıskin Müdafiə naziri ilə görüş barədə təəssüratlarını bölüşərkən deyib: “Məhz bu hərbi hissədə xidmət etməyim mənim taleyimdir. Taleyimdən, xarakterimdən, məsuliyyətimdən razıyam ki, nümunəvi əsgər olmuşam. Nümunəvi əsgər olduğum üçün mənə nəsib olan qədərsiz könül xoşluğunu son nəfəsəcən unutmayacağam. Müdafiə naziri general-polkovnik Zakir Həsənovla eyni masa arxasında nahar etmək, söhbət etmək barədə hisslərimi ifadə etməyə çətinlik çəkirəm. İndi də həmin yaddaqalan, xoş anların təsirindəyəm. Hərbi xidmətdən tərxis olunduqdan sonra təhsilimi davam etdirmək, daha mükəmməl biliyə yiyələnmək, mülki aviasiyada işləmək niyyətindəydim. Müdafiə nazirinin qayğıkeşliklə “Bəlkə gələcəkdə hərbi xidmətini davam etdirəsən?” təklifi düşüncələrimə böyük təsir etdi. Deyəsən, hərbçi olacağam, mülki aviasiyanın deyil, hərbi aviasiyanın pilotu kimi xidmət edəcəyəm”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed